Sabir Rüstəmxanlı Türkiyədə əməliyyat olundu -

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkiyədə əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, bu barədə o feysbuk hesabında məlumat verib. O bildirib ki, İstanbulun Con Hopkins xəstəxanasında əməliyyat olunub:

"Evdə həkimə ehtiyacımız olanda, adətən qızım Nərgiz, qardaşım qızı Aygün və Tengiz yada düşür. Lakin bu dəfə məsələ ciddiləşmişdi və ayağımda başlanan "xırda ağrı" məni İstanbulun Con Hopkins xəstəxanasına gətirmişdi. Prof. Dr. Vafi Atalayla ilk söhbət zamanı bu seçimin də bir tale işi olduğunu anladım. Onun təhlili və apardığı yoxlamaların nəticələri dərin bir uçurumun kənarına gəldiyimi göstərir, eyni zamanda ümid verirdi ki, hər şey yaxşı olacaq. Lakin Vafi bəyin sakit, özünəgüvənlə danışığı işin texniki və icra tərəfinə bağlı idi.

Bir də məsələnin xəstənin gücü və psixologiyası ilə bağlı tərəfi vardı ki, onu insanın özündən başqa heç kim hesablaya bilməz. Bu duyğunu ilk dəfə yaşayırdım. Fikrimdən tez-tez belə bir sual keçirdi: "həkim üçün bu, birinci iş deyil, peşəkardır, əməliyyatı uğurla başa vuracağını bilir, ancaq mənim ürəyim necə, bu mürəkkəb və uzun prosesə dözəcəkmi?" Gecə boyu baş verə biləcək variantları, o cümlədən ürəyimin qəfildən dayana biləcəyini və mənimlə gəlmiş ailə üzvlərimin vəziyyətini düşünürdüm. Boşuna itirdiyim vaxtlar və görməli olduğum işlər haqqında fikirlər beynimdə burulğana dönmüşdü. Səhərə yaxın üzümə su vuranda, zəif işıqlanmış güzgüdə özümü görəndə birdən- birə bu sıxıntıya son qoyuldu. Gün ərzində neçə güzgünün önündən keçsək də orda özümüzlə göz-gözə dayandığımız anlar az olur. Amma bu səhər güzgüdəki arıqlamış, yorğun adamla göz-gözə dayanmışdıq və agrıdan böyüyüb parlaqlığı artmış gözlərdə qəribə bir arxayınçılıq görürdüm.. Onlar mənə deyirdi, "qorxma, dözəcəksən, Tənzilə xanım düz deyir, sən köhnə torpaqsan, bundan qat-qat ağır yüklər daşımış ürəyin bu sınaqdan da keçəcək..."

Birdən-birə ovqatım yaxşılaşdı. Məni təkərli çarpayıda əməliyyata yola salan ailə üzvlərimin, İstanbulda yaşayan dostlarımızın kefini açmaq üçün Əziz Nesinin bir gülməli hekayəsini danışırdım. Qapılar açılıb-örtüldü, hekayə yarımçıq qaldı, bir də 7 saat sonra onlar narkozdan ayılmağıma yardım üçün, zarafatla əhvalatın nə ilə bitdiyini soruşanda mən heç nə olmayıbmış kimi hekayəni davam etdirmişdim. Sonra Vafi bəy gəldi. İstirahətdən qayıdan adam kimi, dinc və sakit... "Durum gözlədiyimizdən mürəkkəbdi, lakin rahatsız olma, təklükə sovuşdu, vaxtında gəlmisiz... Sonra əlavə etdi ki, belə xəstələri reanımasiyada bir neçə gün saxlayırıq, lakin səni bir neçə saat sonra öz odana aparacaqlar!".

Deputat qeyd edib ki, hazırda vəziyyəti yaxşıdır.

Bir 2 nəfər, oturan insanlar və içəridə şəkili ola bilər



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR