“Freedom House” təşkilatı

Freedom House
https://freedomhouse.org/

Təşkilatın missiyası və fəaliyyət istiqamətləri

“Freedom House” 1941-ci ildə ABŞ-da tanınmış siyasi xadimlər, alimlər, jurnalistlər tərəfindən təsis edilib. İlkin məqsədi Amerikanın II Dünya Müharibəsində iştirakını və faşizmlə mübarizəsini təşviq etmək olub. Təşkilat adından 1942-ci ildə prezident Ruzveltə müraciət edilərək, “işğal edilmiş Avropa xalqlarına dəstək üçün” faşistlərə qarşı mübarizə aparması istənilib. II Dünya Müharibəsinin başlanğıc dövründə keçirilən rəy sorğuları göstərirdi ki, ABŞ vətəndaşlarının 90%-i öz dövlətlərinin Avropa müharibəsində iştirakına qarşı çıxırlar. “Freedom House” isə xalqı inandırmağa çalışırdı ki, Avropada alovlanan faşizm siyasəti təkcə bu qitədə yerləşən dövlətlər və xalqları deyil, bütün dünyada təhlükəsizlik və demokratiyanı təhdid edir.

Təşkilatın ilk lideri rolunda ABŞ prezidentinin xanımı Eleanor Ruzvelt çıxış edib. 1940-cı il seçkilərində prezident Ruzeveltə alternativ olmuş Respublikaçılar Partiyasının namizədi Wendell Willkie də “Freedom House”nin yaradılması ideyasını dəstəkləyib. O, təşkilatın qurucuları sırasında yer tutub və həmsədrlərindən biri olub. ABŞ-ın hər iki əsas siyasi partiyasının funksionerlərini öz sıralarında birləşdirməyi bacarması “Freedom House”u digər təşkilatlardan fərləndirən spesifik xüsusiyyətidir. Təşkilat öz saytında qeyd edir ki, partiyasız təşkilatıdır. Hər hansı siyasi partiyanın maraqlarını deyil, insan haqlarını müdafiə edir.

II Dünya Müharibəsindən sonra “Freedom House” sülhün, insan hüquqlarının və xalqlar arasında əməkdaşlığın təşviq edilməsi üçün fəaliyyət göstərib. Bu yöndə vacib olan institutların yaradılmasında iştirak edib. “Freedom House” “Marşal Planı”nın və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin, Atlantik Alyansın yaradılmasının qızğın tərəfdarı və təşviqatçısı kimi çıxış edib. 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş İnsan Hüquqları üzrə Ümumdünya Bəyannamənin layihəsinin müəlliflərindən biri “Freedom House”un həmsədri Eleanor Ruzvelt olub.

II Dünya Müharibəsindən sonrakı ilk illərdə “Freedom House” öz siyasətində yenilik edib. O, daxili auditoriyanın problemlərinə də yer ayırıb. ABŞ-da mövcud olan demokratik problemlərin həllində vasitəçilik edib. 1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində iki daxili problemə xüsusi diqqət ayırıb. Birincisi, irqi bərabərlik uğrunda mübarizə idi. Bu yöndə “Freedom House” Thurgood Marshall, Roy Wilkins və digər tanınmış vətəndaş hüquqları liderləri ilə sıx əməkdaşlıq edib. Dr.Martin Lüter Kinqin aparıcı məsləhətçisi Bayard Rustin isə “Freedom House”un Qəyyumlar Şurasının fəal üzvlərindən olub.

1947-ci ildə “Freedom House”Nyu-Yorkun qubernatoruna müraciət edərək, "irqindən, dinindən, rəngindən və sosial vəziyyətindən asılı olmayaraq, ali təhsil almaq istəyən bütün şəxsləri öz auditoriyasına qəbul edəcək Dövlət Universiteti yaratmağa çağırıb. Təşkilat irqi ayrı-seçkiliklə mübarizə aparmaq üçün digər addımlar da atıb.

İkinci istiqamət kimi “Freedom House” beynəlxalq siyasəti hədəf seçib. Şərqi Avropada Sovet sisteminə, Moskvanın ekspansionizminə qarşı durmaq, azadlığı, demokratiyanı təşviq etmək və dəstəkləmək yolunda fəaliyyət göstərir. O, Avropada Amerika xarici siyasətinin əsas təbliğatçısı və təşviqatçısı rolunu ifa edib. Beləliklə, Nyu-York şəhərində yaradılmış, hazırda Vaşinqtonda mənzillənmiş “Freedom House” ABŞ sərhədlərini aşaraq, beynəlxalq statuslu təşkilata çevrilib.

Strukturu və metodologiyası

“Freedom House” dünyada təhlükəsizliyi və demokratik inkişafı vəhdətdə görən beynəlxalq təşkilatdır. Hər iki istiqamətin inkişaf etdirilməsi üçün bütün dünyada azadlığın, demokratiyanın vəziyyətini izləyir. Demokratik inkişafa mane olan aktual problemlərə reaksiya verir. Təşkilat insan hüquqlarını və vətəndaş azadlıqlarınıayrı-ayrı elementlər şəklindədeyil, kompleks şəkildə müdafiə edir. Söz və ifadə azadlığıhüququnu, təhlükəsiz yaşamaq hüququnu, din, etiqad azadlığı hüququnu, bir sözlə, bütün fundamental azadlıqları kompleks şəkildə müdafiə edir. Bu baxımdan digər beynəlxalq statuslu təşkilatlardan fərqlənir.

Müasir fəaliyyəti açıq hökuməti təşviq etmək, insan hüquqlarını müdafiə etmək, vətəndaş cəmiyyətini gücləndirmək, məlumat istehsalını vəaxınını asanlaşdırmaq səyləri üzərində qurulub. Fundamental hüquqlara kompleks yanaşması, hər birinin müdafiəsinə qalxması “Freedom House”-u digər beynəlxalq statuslu təşkilatlardan fərqləndirir. Təşkilat hökumətlərin öz xalqları qarşısında cavabdeh olduğu demokratik dövlətlərin qurulmasını təşviq edir. Qanunun aliliyinin, ifadə, birləşmə və inanc azadlıqlarının, qadın haqlarının, etnik statusların tətbiq edildiyi cəmiyyətlərin formlaşmasını faydalı sayır.

“Freedom House” demokratiya, siyasi hüquqlar, vətəndaş azadlıqları və bir sıra digər mövzular üzrə araşdırmalar aparır, hesabatlar hazırlayır. ABŞ-da və xaricdə demokratiyanın tərəqqisi və ya tənəzzülü ilə bağlı müzakirələr təşkil edir. Bütün bu mövzuları öz səhifələrində işıqlandıran tematik hesabatı - “Freedom in the World”u hazırlayır.

“Freedom House” paralel şəkildə bir neçə illik hesabatlar hazırlayır. “Dünyada Azadlıq”, “İnternet Azadlığı”, “Media Azadlığı”, “Milli Azadlıqlar” kimi hesabatlar buna misaldır.

Təşkilat tematik hesabatlar hazırlamaq təcrübəsini ilk dəfə 1973-cü ildə tətbiq edib. Həmin ildə “Freedom House” tamamilə yeni bir təşəbbüslə çıxış edib. Dünyanın hər bir ölkəsində demokratik azadlıq səviyyəsini qiymətləndirmək üçün sosial elmlərin metodlarından istifadə edib. Demokratik göstəricilərinə görə ölkələri “Azad”, “Qismən Azad” və “Azad olmayan” ölkələr üzrə təsnifatlaşdırıb. “Dünyada Azadlıq” adlandırılan bu hesabat illər keçdikcə sabitləşmiş, oturuşmuş, medianın, hökumətlərin, akademik çevrələrin istnad etdiyi bir mənəbəyə çevrilmişdir.

“Dünyada Azadlıq” hesabatının şablonu bu gün “Freedom House” tərəfindən digər istiqamətlər üzrə təhlili hesabatların hazırlanmasında istifadə edilir. “İnternet Azadlığı”, “Media Azadlığı” hesabatları da bu standartlar üzərində qurulur.

İş mexanizmi, metodologiyası

“Freedom House” dünya üzrə hökumətlərin davranışını iki meyar əsasında qiymətləndirir:

  • - Siyasi hüquqlar (azadlıqlar). Liderlərin seçilməsində, cəmiyyət üçün vacib olan qərarların verilməsində vətəndaşların sərbəst iştirak imkanları.
  • - Vətəndaş azadlıqlarının, “dövlətlərin iştirakı olmayan, dövlətlərin siyasətindən fərqli yanaşması olan institutların - yəni, qht-lərin , icmaların, KİV-lərin inkşafına rəvac verən mühitin mövcudluğu.

“Freedom House” hesab edir ki, bu meyarlar həm dəmedianın müstəqilliyi və azlıqların hüquqlarının etibarlı müdafiəsi deməkdir.

Təşkilatın nəzdində fəaliyyət göstərən Resurs Mərkəzi qeyd edilən istiqamətlər üzrə hesabatlar hazırlamaq üçün hüquq müdafiəçilərindən ibarət şəbəkəsinə yardım edir: kiçik qrantlar, hüquqi təbliğat proqramları, vəsaitlər verir. Yeni nəsil insan hüquqları müdafiəçilərini səmərəli işləmək üçün lazım olan alətlərlə təmin edir.

“Freedom House” insan haqlarının durumu ilə bağlı vəziyyətin pisləşdiyi regionlar və dövlətlər üzrə xüsusi ofislərini yaradır. Sovet İttifaqı Əfqanıstanı işğal etdikdən sonra, münaqişə ilə bağlı səhih məlumatlar almaq üçün Əfqanıstan İnformasiya Mərkəzini yaratmışdı.

“Freedom House” Polşanın “Həmrəylik hərəkatını”nın ilk dəstəkçiləri arasında olub. Afrikada artan çəkişmələr fonunda Zimbabve və Cənubi Afrikaya tədqiqat missiyaları göndərib.

1997-ci ildə “Freedom House” Latın Amerikası, Avrasiya, Şərqi Asiya, Yaxın Şərq və Afrika da daxil olmaqla bir sıra regionlarda demokratiyaya dəstək işində iştirakını genişləndirib. Venesuela, Kuba, Zimbabve, Efiopiya, Misir, Rusiya, Belarusiya, Ukrayna və Qazaxıstan kimi ölkələrdə azadlıq məsələlərini öz üzərinə götürdüyünə görə şöhrət qazanıb.

Təşkilat avtoritarizmə doğru artan qlobal tendensiyaya qarşı çıxmaq üçün yeni təşəbbüslərin hazırlanmasında rol oynayıb. Korrupsiyaya qarşı mübarizə zamanı öldürülən vəkilin qətlində əli olan ayrı-ayrı Rusiya məmurlarına qarşı sanksiyaların tətbiq edilməsini tələb edən “Sergey Magnitsky Qanunu”nun hazırlanmasına töhvələr verib.

Fəaliyyətində siyasi çalarlar və tendensiyalılıq

“Freedom House” öz saytında göstərir ki, fəaliyyəti siyasi maraqlardan kənardır, xalqların təhlükəsiz, demokratik mühitdə yanşmasına töhvə vermək üçün çalışır. ABŞ-da Demokratlar Partiyasının təmsilçisi olmuş prezidentin xanımı Eleanor Ruzvelti, Respublikaçılar Partiyasının təmsilçisi Wendell Willki öz rəhbərliyində cəmləşdirməsini buna sübut olaraq göstərir. ABŞ-ın hər iki əsas siyasi partiyasının təmsilçilərini öz sıralarında birləşdirməyi bacarması “Freedom House” iddia edir ki, özü partiyasız təşkilatıdır. Hər hansı siyasi partiyanın maraqlarını deyil, insan haqlarını üstün tutur.

Amma Politoloq Yeganə Hacıyeva deyir ki, təşkilatın ABŞ auditoriyasına münasibətdə rəhbər tutduğu bu prinsip ABŞ sərhədlərindən kənarda heç də həmişə qorunmur. “Freedom House”un ayrı-ayrı ölkələrə yanaşmasında tendensiya, siyasi konyuktura özünü göstərir. Bəzi ölkələri olmayan faktlara görə hədəf alır, bəzilərində isə pozuntulara şüurlu şəkildə göz yumur.

“Freedom House”un ikili standartlarla yanaşmasının səbəblərini onun öz saytında yerləşdirdiyi tezislərdən də görmək mümkündür. Təşkilatın saytında göstərilir ki, o, Avropada Amerika xarici siyasətinin əsas təbliğatçısı və təşviqatçısı rolunu ifa edib (https://freedomhouse.org/about-us/our-history).

Yeganə Hacıyeva deyir ki, “Freedom House” təsis edildiyi ilk illərdən ABŞ prezidentlərinin ailələrinə və ABŞ administrasiyasına məxsus olub. Prezident Franklin Ruzveltin həyat yoldaşı , digər prezident Teador Ruzveltin qardaşı qızı bu təşkilatda aparıcı mövqeyə sahib olublar. Təşkilatın son 15 ildəki rəhbərlərinin siyahısına baxanda da bu tendensiya aydın görünür. Məsələn, 2009-cu ildə Freedom House-a rəhbərlik edən Uilliam Horvar Taft Prezident Reyqan Adminstrasiyasında Müdafiə Nazirliyinin baş məsləhətçisi olub (https://freedomhouse.org/article/freedom-house-welcomes-william-h-taft-iv-new-chairman). Daha sonra prezident Buşun Adminstrasiyasında müdafiə katibi vəzifəsini, həmçinin, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi vəzifəsini icra edib ( https://en.wikipedia.org/wiki/William_Howard_Taft_IV ).

“Freedom House”un əvvəlki rəhbəri Robert Vulsi isə uzun illər Mərkəzi Kəşfiyat İdarəsinin işçisi, 1993-cü ildən isə bu qurumun rəhbəri olmuşdu ( https://freedomhouse.org/article/freedom-house-announces-new-chairman-james-woolsey // https://en.wikipedia.org/wiki/R._James_Woolsey_Jr. ). Taftdan sonra- 2010-2015- ci illərdə “Freedom House”un rəhbəri Devid Kramer olub ( https://freedomhouse.org/article/freedom-house-announces-new-executive-director-david-j-kramer ). D. Kramer uzun illər ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə şöbəsində çalışıb. Sonra isə ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi vəzifəsini icra edib ( https://en.wikipedia.org/wiki/David_J._Kramer ).

Bu təyinatlar göstərir ki, “Freedom House” beynəlxalq insan haqları prinsiplərindən daha çox, ABŞ maraqlarına bağlı bir qurum kimi çalışıb.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı