Energetika Nazirliyinin Kollegiyasının gələn il üçün İş Planı təsdiq edilib

“Energetika Nazirliyinin Kollegiyasının 2023-cü il üçün İş Planı”nın təsdiq edilməsinə dair qərar qəbul edilib.

Metbuat.az-a bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir Pərviz Şahbazovun sədrliyi, kollegiya üzvlərinin, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə bu ilin yekunlarına həsr edilmiş növbəti kollegiya iclası keçirilib. Sədr Prezident İlham Əliyevin müvafiq sahədə qarşıya qoyduğu tapşırıq və vəzifələrin icrası üzrə həyata keçirilən tədbirlər barədə danışıb. O, dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda energetika sahəsinin bütün aspektlərinə dair mühüm tədbirlərin nəzərdə tutulduğunu bildirib və bu tədbirlərin icrasına toxunub.

Sonra iclasın gündəliyinə uyğun olaraq nazirliyin müvafiq struktur bölmələrinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin çıxışları dinlənilib. Sahə üzrə mövcud qanunvericilik aktları, nazirliyin daxili əmrləri və digər normativ hüquqi aktlar çərçivəsində yerinə yetirilmiş tədbirlər nəzərdən keçirilib, əldə olunmuş nəticələr və növbəti addımlar haqqında fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin “Energetika Nazirliyinin Kollegiyasının 2023-cü il üçün İş Planı” layihəsi nəzərdən keçirilib, layihə üzrə səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla İş Planının təsdiq edilməsinə dair qərar qəbul edilib.

İclasın sonunda kollegiya sədri müzakirə edilən məsələlərə dair atılacaq addımlar, növbəti ildə qarşıda duran vəzifələr və bu vəzifələrin səmərəli icrası üzrə müvafiq tapşırıqlar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR