Zəngəzur dəhlizi məsələsinin BMT-də müzakirəsi nə vəd edir? -

Laçın-Şuşa-Xankəndi yolunda ekofəalların təşkil etdiyi 11 gündür davam edən etiraz aksiyasını BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaran Ermənistan Azərbaycanı Qarabağ ermənilərinə qarşı “humanitar fəlakət” yaratmaqda ittiham edir.

İki ildir Azərbaycan-Ermənistan arasında bağlanan 10 noyabr Bəyannaməsinin şərtlərini pozan İrəvanın bu davranışlarına BMT-nin iclasında çıxış edən ölkələrin nümayəndələri qəti fikir bildirmədiyi halda, Azərbaycanı haqsız çıxarmaqda davam edirlər. Ermənistan istəyir ki, Azərbaycana qarşı beynəlxalq təzyiq göstərilsin. Qərbin Azərbaycanla əlaqələrini üst səviyyəyə apardığı bir dövrdə BMT-də “hümanitar fəlakət” hay-küyünü yaradan İrəvana qarşı Azərbaycanın da atacağı addımlar var. Bu, BMT tribunasından Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirə barədədir.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov Metbuat.az-a açıqlamasında BMT-nin 28 il ərzində icra etməli olduğu halda heç birini yerinə yetirə bilmədiyi qətnamələri xatırlatdı. Politoloq deyir ki, BMT maraqları beynəlxalq qurum olsa da şəxsi maraqları çərçivəsində fəaliyyət göstərir.

Samir Hümbətov

“2010-cu ildə başlayan Tunisdə başlayan Ərəb baharından sonra BMT tərəfindən Müəmmər Qəddafinin devrilməsi üçün çıxarılan qətnamə bir neçə saat ərzində icra olundu. Belə aydın olur ki, 28 il ərzində Azərbaycan ərazilərinin işğal altında olması dövründə BMT tərəfindən çıxarılan qətnamələrin icra olunmamasına səbəb onların formal xarakterli olması barədə düşüncədən irəli gələrək Azərbaycanın bunu icra edəcək gücdə olmadığı ilə bağlı olub. Bəzi ekspertlər düşünürlər ki, Zəngəzur dəhlizi ilə bağlı məsələnin BMT-də müzakirəsinin nəticəsi ola bilər. Mən isə hesab edirəm ki, yeni beynəlxalq münasibətlər sistemi formalaşdığı dönəmdə güc amili önə çıxıb. Yəni burada artıq “ədalətli və haqlısansa güc səndə də deyil, güclüsənsə haqq səndədir” anlayışı ilə hərəkət edirlər. Dövlətlərarası münasibətlər, eyni zamanda beynəlxalq münasibətlər sistemində xaotik vəziyyət yaşanır. Belə bir zamanda Azərbaycanın BMT tribunasında Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirəsi ciddi nəticə verəcəyini düşünmürəm”.

10 noyabr Bəyanatının 9-cu bəndinin icrası məsələləri öncə Avropa İttifaqı və ATƏT-də müzakirəyə çıxarılması ilə bağlı fikirlərə münasibət bildirən S.Hümbətov vurğuladı ki, 28 illik işğal dövründə nə ATƏT-in, nə də BMT-nin hansısa adekvat addım atdığını müşahidə etmədiyimiz halda onlara yenidən müraciət etmək, dəstəyini gözləmək ümidsizlikdən başqa bir şey deyil.

“Azərbaycan güclü ordusu, iqtisadiyyatı, möhkəm dövlət quruluşu nəticəsində dünyanın diqqət mərkəzindədir. Eyni zamanda əlində olan təbii resurslar – neft-qaz amili, Azərbaycanın trans nəqliyyat dəhlizi üzərində yerləşməsi ölkəmizə dəstək olan dövlətlərin sayını artırır. Zəngəzur dəhlizinin açılmasında maraqlı və əksinə bunu dəstəkləməyən dövlətlər var. Qarabağın işğaldan azad edilməsi də Azərbaycan istəyi idi və bunu gücü ilə bacardı. Hazırda dövlətimizə ikili maraqlar üzərindən yaxınlaşan ölkələrin sağlam dəstəyi lazımdır”.

Politoloq Əziz Əlibəyli də Azərbaycanın Zəngəzur dəhlizi məsələsinin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmasının fayda verəcəyini düşünmür. Metbuat.az-a açıqlamasında politoloq bildirdi ki, Ermənistan gələcəkdə atılacaq addımlara qarşı presedent yaratmağa çalışır.

Əziz Əlibəyli

“Ermənistanın ikinci məqsədi Beynəlxalq hüququn və beynəlxalq təşkilatların böhranlı vəziyyətində Azərbaycanın Zəngəzur dəhlizi məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmasının fayda verəcəyini düşünmürəm. Beynəlxalq münasibətlər sistemində güc amilinin həlledici vasitə olduğunu düşünürəm. Onu da nəzərə almaq lazımdır ki, bizim Ermənistanla münasibətlərimizə aydınlıq gətirəcəyimiz beynəlxalq platforma BMT deyil. Ümumiyyətlə, BMT bu prosesdə həlledici mərkəz funksiyasını oynamır. Çünki məqsəd fərqlidir. Ermənistanın niyyəti Azərbaycan üzərindən, Laçın-Şuşa-Xankəndi yolu məsələsini gündəmə gətirməklə Qərb ölkələrindəki səfirlikləri və lobbisi vasitəsilə Rusiyanın bölgədə humanitar fəlakət yaradan imicini qabartmaqdır”.

Əziz Əlibəyli qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasındakı iclasa Hindistan rəhbərlik edib. Bu amillər ciddi təsir göstərməsə də, təzyiq addımların atılması, sanksiyaların tətbiqi və onun icrasını nəzərdə tutur. Biz bundan çox uzaqdayıq.

“Qeyd edim ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycan Prezidenti ilə görüşü, Prezident İlham Əliyevin Rumıniyaya, Serbiya Prezidenti Vuçiçin isə Bakıya səfərləri göstərdi ki, Avropanın enerji təhlükəsizliyin təmin edilməsi Ermənistanın səsinin eşidilməsindən daha vacib məsələdir. Və bu təsir qruplarının müqayisəsində Azərbaycan kifayət qədər rentabelli görünür. Bu müzakirələr nə Azərbaycana təsir edə, nə də Ermənistanın arzularını reallaşdıra bilər”.

Hazırladı: Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR