Səfirliyə hücumu İran erməniləri edib? -

"Terror aktından İran erməniləri ilə İranın arasını vurmaq üzərindən təbliğat aparılmalıdır. Böyük ölçüdə bu, İran ermənilərinin işidir".

Bu açıqlamanı Metbuat.az-a politoloq Azər Qasımov edib.

Ekspertin qənaətinə görə, nə qədər də bu terror aktında başqa motivlər axtarılsa da, hadisəni törədən ermənidirsə, deməli, hadisədə erməni maraqları da vardır.

"Ermənilər beynəlxalq terrorizmin təşviqatçısı və təşkilatçısıdırlar. Onlar nə edirlərsə, öz maraqlarını da nəzərə alıb edirlər. Bu baxımdan bu hadisədən həm Ermənistana, həm də İran ermənilərinə zərbə vurmaq üçün istifadə etməliyik. İran kəşfiyyatının və təhlükəsizlik qüvvələrinin bu terror aktından xəbər tutması və ya tutmaması açıq məsələdir".

Azər Qasımov hesab edir ki, hadisədə İran kəşfiyyatı və təhlükəsizliyə cavabdeh qurumların elə də ciddi bir gücə sahib olması mübahisəli məsələdir.

"Biz tez-tez orda baş verən xarici kəşfiyyatların, xüsusən də, İsrailin olduğu deyilən nüvə alimlərinin, vacib şəxslərin öldürülməsi, nüvə obyektlərində aparılan xüsusi əməliyyatların olduğunu eşidirik. Odur ki, bu məsələni İran-Azərbaycan münasibətlərinin gərginləşdirilməsi prosesi istiqamətindən deyil, ermənilərin üzərindən yürüdülməsinin daha doğru olduğu qənaətindəyəm. Nəticədə bu terroru erməni həyata keçirib və ermənilər də cavabdeh olmalıdır. Təbii ki, İranın erməni məsələsindəki aktivliyini azaltmaq üçün elə şərait yaradılmalıdır ki, İran açıq şəkildə erməniləri müdafiə yolu tuta bilməsin".

Qeyd edək ki, “Caliber” etibarlı mənbələrə istinadən yazıb ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktının arxasında İran xüsusi xidmət orqanları dayanır.

“Birincisi, İran tərəfi izləri ört-basdır etməyə və diqqəti yayındıran informasiya hay-küyü yaratmağa çalışaraq, guya “erməni izi” ilə bağlı fikirlər səsləndirir. Amma bu, açıq-aşkar yalan və Azərbaycan ictimaiyyətini çaşdırmaq cəhdidir. İran təbliğatının növbəti versiyası belədir: guya iranlı Yasin Hüseynzadə hansısa səbəbdən səfirliyin ərazisində saxlanılan həyat yoldaşını “azad etmək” üçün iki uşağı ilə birlikdə buraya gəlib. Bu ağ yalan və İran xüsusi xidmət orqanlarının planlaşdırdığı terror aktını məişət cinayət kimi təqdim etmək üçün cəhdidir”, - məlumatda qeyd edilib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR