"Şərqdə qadın olmaq çətindir, mentalitet qadına yükdür" -

Gənc aktrisa Günay Həsən Metbuat.az-a müsahibə verib.

Günay xanımla söhbətimiz “Facebook”da başladı. Elə müsahibədən söz açan zaman dedi ki, bu işi məşhur olmaq üçün etmir, məqsədi sevdiyi işlə məşğul olmaqdır.

Əvvəlcə özünüzü təqdim edərdiniz. Harada doğulmusunuz, uşaqlığınız harada keçib?

1995-ci il fevralın 3-də Goranboyda doğulmuşam və orada böyümüşəm. Orta məktəbi də orada bitirmişəm.

Təhsiliniz barədə danışaq. Necə oldu ki, ayrı sahədə təhsil alıb, aktrisalığa gəldiniz?

2012-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinə daxil olmuşam və Bakıda yaşamağa başlamışam. 2016-cı ildə Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinə daxil oldum və eyni zamanda “GSR fm”də işləyirdim. Daha sonra “Balans” studiyasında dublajda işləməyə başladım.

20 yaşım olanda rəfiqələrimdən biri "Həyat sən nə qəribəsən?" serialına çəkilirdi. Çox maraqlı gəldiyi üçün, onunla çəkiliş meydançasına gedib, prosesin necə getdiyinə baxmaq istədim. Çəkiliş heyətindən bir nəfər yaxınlaşıb, çəkilmək istəyib istəmədiyimi soruşdu, iki səhnəsi olan epizodik rolda oynadım.

Başqa hansı serial və filmlərdə rol almısınız?

“Bir Qadın” serialında Gülşən obrazı, “Qayıdış” serialında Şükriyyə obrazı və ən sevdiyim rolum, “Günlərin bir günün”dəki Firuzə obrazı. Firuzə gənc qız siması olan, amma yaşca ağbirçək olan evli qadın idi.


Aktisalığa gəlişinizə ailənizin münasibəti necə oldu?

Əvvəllər qarşı idilər, indi sadəcə xoşbəxt olmağımı istəyirlər.

Bəs gələcəkdə aktrisalıq üzrə təhsil almaq planınız var?

Xeyr, rejissorluq təhsili almağı düşünürəm.

Reklamlarda daha çox rollarınız olub, bu nə ilə əlaqədardır?

Reklamı simaca uyğun olan hər kəs oynaya bilər, aktyorluq istedadı tələb etmir. Bu kimi layihələrdə seçici olmuram, maliyyə uyğun gəlirsə, razılaşırıq.

Artıq beş ildir ki, peşəkar olaraq, “Azerbaijan Actors Agency” ilə çalışıram. Bu agentlik 2013-cü ildə Azərbaycanda yaradılmış beynəlxalq aktyor agentliyidir. Agentliklə işləmək çox rahatdır, həm aktrisa olaraq bütün hüquqlarım qorunur, həm də bütün işləri agentlik həll etdiyi üçün, aktyor bütün fikrini öz yaradıcı işinə yönəldə bilir.

Oynamağı arzuladığınız rol var?

Fərqli rollar oynamağı çox istərdim, xüsusən də əqli məhdudiyyətli birini canlandırmağı. Amma həyat hər zaman planladığımız kimi getmir.

Ölkəmizdə bəyəndiyiniz gənc aktrisalardan kimlərin adını çəkə bilərsiniz?

Bütün yaş aralıqlarında çox istedadlı aktrisalarımız var, sadəcə mirvari kimi parıldamaqları üçün doğru layihədə doğru rejissorlarla işləmələri lazımdır.

Kino, teatr, yoxsa serial? Hansı sizə daha maraqlıdır, gələcəkdə sizi daha çox hansı istiqamətdə görəcəyik?

İncəsənətin bütün sahələri mənim üçün doğmadır, sevirəm. Yetər ki, yaradıcılıq olsun, yenilik olsun. Amma bir gün bizdə də kino dövlət siyasətinə çevrilib, dayanmadan istehsal olunsa və seçim arasında qalsam, müəllif filmlərini və absurd komediyaları seçərdim.

Cənab müxbir, insana çox gözəl xəyallar qurdurursunuz…

Təki o xəyallarınız gerçək olsun. Onda bir az da o xəyallara əngəl olan problemlərdən danışaq…

Təkcə bizim sahədə yox, bütün sahələrdə gənclər üçün irəli getmək çox çətindir və bu bütün dövrlərdə belə olub. Sadəcə incənət adamları göz önündə olduğu üçün onlarla bağlı problemlər də diqqət mərkəzində olur.

Sizə görə kino sahəsində hansı problemlər var?

Mədəniyyət Nazirliyi illərdir ölkəmizdə kino sənayesinin qurulub fəaliyyət göstərəcəyindən danışır. Təəssüf ki, ancaq danışır. İki ildən bir nazir dəyişirik. Mədəniyyət Nazirliyi kinonun inkişafı ilə böyük qazanclar əldə edə bilər. Kinonun inkişafı dünyanın Azərbaycanı, onun adət və ənənələrini, xalqını tanımasına, dilini tanıyıb sevməsinə, öyrənməsinə aparan yoldur. Bu isə ölkəyə turistlərin axınını, yəni maliyyə axınını təmin edir. Buna nümunə olaraq Türkiyədə çəkilən "Muhteşem Yüzyıl" serialını göstərmək olar.

Bizdə isə Maliyyə Nazirliyi kino sahəsinin bizə heç bir qazanc gətirmədiyini bildirir. Mədəniyyət Nazirliyi yeni struktur dəyişiklikləri, yeni mexanizmlər fikirləşə bilər ki, ölkədə olan böyük şirkətlər kinonun inkişafına da öz töhfəsini versinlər. Yaxın zamanlarda qardaş ölkədə baş verən zənzələdə incənət adamlarının bütün ölkənin verə biləcəyi dəstəyin iki qatını verdiyini gördük. Bizdə incəsənət adamları diqqətdən kənardı, başqa ölkələrdə isə göylərə ucaldırlar onları. İncəsənət adamları sevgi, ruh adamlarıdır, onları nə qədər ucalara qaldırsanız eynisini sizə edəcəklər. Bizdə ancaq tənqid var. Bu qədər tənqidin yanında heç olmasa beş nəfər də demir ki, niyə bu problemlər var? Maliyyə niyə yoxdur? Yetərli kadr niyə yoxdur? Bizim istedadlı gənclərimiz niyə ölkəmizdə yaşamaq istəmirlər? Nə çatışmır? Necə düzəldə bilərik?

Bu ümumi problemlər… Bəs bir qadın üçün incəsənətdə olmağın çətinlikləri nədir sizcə?

Təkcə bu ölkədə yox, bütün Şərqdə qadın olmaq hər zaman çətin olub. Çünki, bütün mental dəyərlər qadının yüküdür, amma kişilərə də ailənin bütün maliyyə yükü, məsuliyyəti verilir. Qısaca, Şərqdə insan olmaq çətindir. Amma bütün çətinliklərin yanında yaxşı tərəflər də var. Qadına hörmət, dəyər, qadına mərhəmət bizdə hər zaman olub. Aktrisa olmaq isə təkcə bizim ölkədə yox, bütün ölkələrdə çətindir. Aktrisanın bütün çətinliklərə qarşı tək silahı iradəsinin gücü və psixologiyanı yaxşı bilməsi ola bilər.

Son olaraq, hazırda hansısa yeni layihə, təklif varmı?

Bəli, hazırda "Mən buradayam, İlahi" filminin çəkilişləri davam edir. Filmin rejissoru Qulu Əsgərovdur, film qazilərimizə iltihaf olunub, sentyabrdan kinoteatrlarda nümayiş olunacaq. Eyni zamanda, "Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesi əsasında qurulan tamaşamızın nümayişi də davam edir. Rejissoru Tarlan Rasulov olan tamaşada Azərbaycandakı gender problemlərindən birinə toxunur.

Müsahibə üçün təşəkkürlər. Yaradıcılığınızda uğurlar.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR