“Cəmiyyətdə qorxu var, psixoloq “dəli doktoru” deyil” - Psixoterapevt Rövşən Nəcəfov

Bir neçə gündür ölkənin gündəminə ağır yük kimi çökən Xətai rayonunda baş verən dəhşətli cinayət hadisəsi göstərdi ki, cəmiyyətimizdə bu kimi hallara qarşı psixoloji həssaslıq nümayiş etdirilmir.

Metbuat.az klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovla bu haqda müsahibə aparıb.

Rövşən bəy, niyə psixoloji problemlər gizlədilir? Cəmiyyətimizi psixoloji narahatlıqlardan sağalmaq yerinə qorxub qaçmağı, alternativ yollar axtarmağa vadar edən nədir?

Ümumiyyətlə, psixoloji halı nizamsız olan şəxslərə qarşı cəmiyyətdə bir qorxu var. Qorxunun yaranmasına səbəb, məlumatın az olması və ya olmamasıdır. Qorxu düşüncənin ifadəsidir, insanın obyektə münasibəti deyil. İnsan az bildiyi və ya bilmədiyindən qorxur. İnsan bəzən az bildiyi və ya bilmədiyi anlayışlara cahil cəsarəti nümayiş etdirir. Bədbəxtlik dediyimiz hadisələr daha çox insanların ehtiyatsızlıq və biganəliyindən yaranır. Bütün hallarda insanlar fərqli və yeni düşüncələrə qarşı nifrət ifadə etməməlidirlər. Valideynlər övladlarını başqaları ilə, onlar fərqli olsalar belə, yaşamağı öyrətməlidirlər. Sağlam düşüncəsi olan insan şəxsiyyət kimi formalaşa bilər. Valideynlər də övladlarının hansısa psixoloji halından utanmasınlar. Övladlarının psixoloji sağlam yetişdirmək istəyirlərsə, olduğu kimi davransınlar.

Sanki psixi problemi olan şəxslərə qarşı xof formalaşıb. Bəzi valideynlər daha çox bu məsələdə gözü bağlı davranırlar. Niyə psixoloqlardan qaçırıq?

Düşünürəm ki, cəmiyyət psixoloji problemləri, narahatlıqları, pozuntuları və xəstəlikləri olan şəxsləri qınamamalıdır. İnsanlar olduğu kimi qəbul edilməlidir. İnsanları olduğu kimi qəbul etməsək, onlara dəstək ola bilmərik. Qınaq olduğu üçün hər kəs problemini bir-birindən gizlədir. İnsanlar birlikdə yaşamağı bacarmalıdırlar. Təşəbbüs olunan və müsbət nəticəni formalaşdıran fikirlər cəmiyyət tərəfindən qəbul edilmir. Bizim cəmiyyət yeniliyə və fərqliliyə qarşıdır. İnsanlar konservativ düşüncələri ilə öz həyatlarını də kiçik çərçivələrə salıblar. Kiçik çərçivələrdə yaşamaq daha rahatdır. Çərçivə böyüdükcə, məsuliyyət artır. İnsanlar da məsuliyyətdən qaçırlar. İnsanlar bir-birlərini olduğu kimi, xəstəliklərini də öz adları ilə qəbul etsələr, cəmiyyət bu və bu kimi mənfi halların yaşanmasını minimuma endirə bilər.

Cəmiyyəti iflic edən bu problemlərin həllində nə qurumların, nə də fərdlərin təşəbbüsünü görmürük. Gələcəyimizi qapıda olan bu təhlükədən necə müdafiə edə bilərik?

Psixoloq yanına getmək və psixoloji dəstək almaq, şəxsin həyat hekayəsinə müsbət təsir edir. Psixoloq “dəli doktoru” deyil. Hər hansısa narahatlıq olduğu zaman da psixoloqa müraciət etmək lazımdır. İnsanlar peşəkar dəstək almalıdırlar ki, obyektiv baxış bucaqları yaransın. Psixoloq yanına getməmişdən öncə mütəxəssisi ətraflı araşdırsınlar, bakalavr və magistr diplomlarını təqdim etməklərini tələb etsinlər. Xaricdə təhsil alıblarsa, Elm və Təhsil Nazirliyi tərəfindən diplomların tanınması üçün uyğun sənədləri tələb etsinlər. Psixologiya elmə bağlı sahədir. Psixoloji halın nizamsızlığı da elmlə tənzimlənir. Psixologiya sahəsinin düzgün formada inkişaf etməsi üçün ali təhsilli mütəxəssislərin fəaliyyəti təbliğ olunmalıdır. Sağlam düşüncə insanın sağ qalmağıdır. İnsanların sağlam düşüncəsi naminə hər kəs özünü ifadə etməlidir. O zaman sağlam ruh formalaşacaq. Ruh anlayışı insanların mənəvi rahatlığıdır.

Bir çoxları xüsusi soyuqqanlıqla işlənmiş cinayət hadisələrinin yayılmasında medianı günahlandırır. Sizin mütəxəssis kimi bu barədə düşüncələriniz necədir?

Mediada kriminal xəbərlərin yayılmasının qarşısının alınması ilə bağlı fikirlər səsləndirmək mübahisə yaradan baxış bucağıdır. İlk olaraq onu qeyd edim ki, hər kəs işini peşəkar formada təqdim etməlidir. Peşəkar formada təqdim olunmayan hansısa fikir, mənfi düşüncənin başlanğıc nöqtəsi olur. Media kriminal xəbərlərini verməsin deməklə, kriminalın qarşısını ala bilərikmi? Xeyr. Xəbərin məzmunu və başlığı əsas meyarlardır. Xəbəri oxuyan şəxsdə ilkin təəssüratı xəbərin başlığı formalaşdırır. Xəbərin məzmunu isə oxucunun psixologiyasında istiqamət yaradır. Bu tip xəbərlər verilməsə, cəmiyyətdə hansı hadisələrin baş verdiyindən insanlar məlumatlı olmayacaq. Məlumatsız olduqları zaman isə hadisələrə adekvat reaksiya verə bilməyəcəklər. İstənilən kriminal və buna bənzər xəbərlər maarifləndirici olmalıdır. Unutmayaq ki, maarifləndirici olmayan xəbərlər məğzini dəyişib təbliğata çevrilir.

Müsahibə üçün təşəkkür edirəm.

Çox sağ olun, uğurlar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı