“Biznesdə uğur qazanmaq üçün “ağrılı” sahələr tapılmalıdır” - Orxan Məmmədzadə

“Hər bir ölkənin özünəməxsus biznes seçimləri var. Milli təfəkkür mütləq nəzərə alınmalıdır. Əks halda o biznesdə ziyan faktı daha ön planda olacaq. Biznes quran zaman yerli bazardakı vəziyyət öyrənilib, araşdırma və düzgün hesablama aparmaq lazımdır. Bu halda qurulan biznesin uğur qazanmaq ehtimalı daha yüksək ola bilər”.

Bu fikirləri Metbuat.az-a müsahibəsində innovativ üslublu konsaltinq şirkətinin təsisçisi və CEO-su, iqtisadiyyat və maliyyə sahəsində ekspert, o cümlədən, təcrübəli təlimçi Orxan Məmmədzadə deyib . Onunla Azərbaycanda və xaricdə biznes təfəkkürü haqqında olan müsahibəmizi təqdim edirik:

Orxan bəy, necə düşünürsünüz, uğurlu biznesi inkişaf etdirən əsas amillər hansılardır?


Biznes qurmağa başlamamışdan öncə planlama tərtib olunmalıdır. Əgər biznesdə məqsədə müvəffəq olmasını istəyiriksə, mütləq şəkildə həmin biznes "ağrılı" mövzu üzərində qurulmalıdır. Məsələn, dönər restoranı açmaq istəyən şəxs ətrafdakı digər bu istiqamətdə fəaliyyət göstərən restoranlardakı vəziyyəti müqayisə etməyi bacarmalıdır. Burada satılan məhsulun keyfiyyəti, qiyməti ön plandadır. Yəni müştəriyə təqdim olunan dönərin nə qədər mal, qoyun və toyuq ətindən hazırlanmasından tutmuş, gigiyenik tələblərə cavab verməsi və qiyməti müzakirə mövzusudur. Elə hesablama aparılmalıdır ki, rəqabət mühiti yaransın, amma görülən iş də keyfiyyətli olsun. Ona görə də bu mövzunu ağrılı hesab edirəm. Bazarın bir çəkisi, tutumu var. “Hansı işlə məşğul olsam müvəffəq olaram?”,- düşüncəsi sual altındadır. Ağrılı mövzu isə istehlakçının tələbat duyduğu sahədir. Əgər biznesini quran şəxs həmin yeri tapa bilərsə, o uğurlu olacaq.

Bu gün iş qurmaq istəyən çox insan var, amma onların maliyyə imkanları olmasına baxmayaraq yaxşı ideyası yoxdur. Bəs, biznesdə ideya necə formalaşır?
Şəkilin açıqlaması yoxdur.

Bilirsiniz, biznesdə ideyanın formalaşması ən çətin məsələlərdən biridir. Çünki bayaq da vurğuladığım kimi, biznes ağrı üzərindən qurulanda, bazardakı ümumi tələblərə uyğunlaşdırılanda atılan addım uğur vəd edir.

Hazırda dünyanın problemlərindən biri qida mövzusudur. Bir müddət bundan öncə biznes üçün texnologiya sahəsi uğurlu hesab olunurdusa, hazırda qlobal cərəyanda gündəmdə olan mövzu qidadır.

Bura hər hansı inqrediyentin ticarətindən tutmuş, məhsulun hazırlanması, qablaşdırılması, satışı və s daxildir. Hətta restoran sahəsində başlamaq belə bu biznesi irəli apara bilər. Dünyada tələb bu formadadır. Hazırkı biznes sferasında tələbə uyğun addım atmaq, innovativ yanaşma sərgiləməyə ehtiyac böyükdür.

Bəzi hallarda innovativ yanaşmaları xaricdə öyrənərək Azərbaycanda tətbiqinə cəhd edirlər. Amma əksər hallarda bu tətbiq vaxtından tez baş verdiyi üçün həmin biznes sevdası baş tutmur. Bunun üçün Azərbaycandakı bazarı araşdırıb, tələb və təklifin nə üzərində qurulduğunu bilmək lazımdır.

Hər növ innovativ yanaşma Azərbaycanda tətbiq oluna bilməz. Əks halda o biznesdə ziyan faktı daha ön planda olacaq. Amma öncədən yerli bazar şəraiti öyrənilib, yaxşı hesablama və araşdırma aparılarsa, qurulan biznesin uğur qazanmaq ehtimalı daha yüksək ola bilər.

Uzun müddətdir biznes sahəsindəsiniz. Xaricdə və Azərbaycanda biznes anlayışı arasında hansı fərqli məqamlar var?

Şəkilin açıqlaması yoxdur.

Bilirsiniz, xaricdə biznes təsis olunan zaman həmin o biznes səhmlərini birjada satışa çıxarmaq niyyəti ön planda olur. Əsas məqsəd, maraq budur. Azərbaycanda qurulan bizneslərin isə ömrü əksər hallarda qısamüddətli olur. Burada sahibkar qısa müddət ərzində ticarət edib, layihəni təhvil verib, pulunu qazanmağı düşünür. Ondan sonra isə növbəti biznes məqsədlərini yerinə yetirmək üçün hərəkətə keçməyə başlayır. Bizim yerli biznes sferasında hazırkı yanaşma budur.

Xaricdə isə istənilən biznes qurulanda həmin biznesin maksimal dərəcədə mənfəətli, cazibəli olması, səhmlərin birjada artması nəzərdə tutulur. O səbəbdən xaricdə biznes planlama uzun vədəli olur.

Hazırda gənclərin biznes dünyasında iştirakı sizi qane edirmi?

Şəkilin açıqlaması yoxdur.

Mən gənclərlə mütəmadi olaraq görüşlər keçirirəm. Xüsusən də yeni biznes startap layihəsi təsis etmək istəyən iddialı gənclərin olduğunu müşahidə etmişəm.

Biznes quran zaman maliyyə planı qurmaq, səhvlərin qarşısını almaq üçün öncədən boşluqları aradan qaldırmaq, ideyalara fərqli yanaşmalar sərgiləmək vacibdir. Əksər hallarda gənclər daha inkişaf etmiş ölkələrin biznes modellərinin tətbiqi ilə maraqlanırlar. Bu da şəxsən sevindirir. Çünki gənclər artıq innovativ və kreativ üslublarla davam etməyi başa düşüblər. Hamının idarə etdiyi biznes nümunələrindən fərqli olaraq yeni biznes sahələri tapıb inkişaf etdirmək, ortalığa fərqli təkliflər çıxarmaq dövrün tələbidir. Gənclər də bu işin öhdəsindən gəlməyə maraqlıdır.

İstərdim ki, Azərbaycanda bu sahə üzrə töhfə verən gənclərin sayı daha artıq olsun. Hazırda onların sayı az olsa da, yanaşmaları kreativdir və gündəmdə olan mövzuları əhatə edə bilirlər. Gənclərin araşdırma aparmaq qabiliyyətləri var. Amma sadaladığım bütün məsələlərdə əlavə olaraq təcrübəyə ehtiyac var.


Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı