"Tərtər işi"ndə təqsirləndirilən yüksək rütbəli zabitlərin

Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında "Tərtər işi"ndə təqsirləndirilən 4 yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihamda qeyd olunub ki, həmin şəxslər korpus komandirinin müavini olmuş Fuad Ağayevin göstərişləri və kəşfiyyat bölüyünün hərbçiləri ilə birlikdə 1 may - 2 iyul (2017) tarixləri arasında Tərtərdə ön cəbhədə olan hərbi qulluqçuları düşmənlə əməkdaşlıq və vətənə xəyanətdə ittiham edərək, qanunsuz sorğu-sual edib, onlara işgəncələr veriblər. Həqiqətə uyğun olmayan ifadələr almaq üçün onlar hərbi qulluqçulara işgəncə verərkən müxtəlif avadanlıqlardan istifadə edərək onlara fiziki və psixoloji zor göstəriblər. İttihama görə, işgəncələr Tərtərdəki N saylı hərbi hissənin tərkibindəki inzibati binada, Bakı və Bərdə qarnizonlarının haupvaxtlarında, Ağcəbədidə Sarıcalı kəndində və Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında verilib.

Onlar hərbçiləri sorğu-sual edib, qida qəbuluna imkan verməyib, bədənləri üzərində xüsusi vasitələrlə ləyaqəti alçaldan hərəkətlər edərək nəticə etibarilə fiziki və psixi sağlamlıqlarını itirmələrinə, cəmiyyətdən təcrid olunmalarına səbəb olub.

İttiham üzrə 4 nəfərin heç biri özünü təqsirli bilməyib.

Prosesdə təqsirləndirilən şəxs Vüsal Ələsgərov sərbəst ifadə verməkdən imtina edib. Hakim onun ibtidai istintaqa ifadəsini elan edib.

Daha sonra zərərçəkmişlərin bir qismi zalı tərk edib.

Prosesdə digər təqsirləndirilən Rəşid Niftəliyev və Ramil Qarayevə ifadə verməsi təklif olunsa da, onlar da ifadə verməkdən imtina edib. Buna görə də onların ifadələri elan edilmiş hesab olunub.

Proses aprelin 4-də davam etdiriləcək.

İttihama görə, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri, Rəşid Niftəliyev həmin hərbi hissədə qərargah rəisi, Ramil Qarayev və Rüstəm Ələsgərov isə hərbi hissələrin kəşfiyyatçıları olublar.

Vüsal Ələsgərov Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma), 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), Rəşid Niftəliyev Ramil Qarayev Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) Rüstəm Ələsgərov isə Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), 125-ci (Özünü öldürmə həddinə çatdırma), 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirli bilinir.

İş üzrə 194 zərərçəkmiş var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı