Fransada pensiya islahatına qarşı keçirilən nümayişlərdə polislə etirazçılar arasında toqquşma baş verib.
Metbuat.az xəbər verir ki, hökumətin parlamentdə müzakirə olunmadan birbaşa qəbul etdiyi mübahisəli pensiya islahatına qarşı ölkədə 200 yerdə nümayişlər keçirilib. Müxtəlif sektorların işçiləri həmkarlar ittifaqlarının çağırışı ilə kütləvi tətilə çıxıblar. Paris, Renn və Tuluza şəhərlərində polislə nümayişçilər arasında qarşıdurma baş verib. Parisdə polis nümayişçilərə gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib. 70 nəfər saxlanılıb. Rəsmi mənbələrin məlumatına görə, Parisdə 93 min olmaqla ölkədəki nümayişlərə ümumilikdə 740 min nəfər qatılıb. Ümumi İşçilər İttifaqı nümayişlərə Parisdə 450 min olmaqla ölkə üzrə isə 2 milyondan çox adamın qatıldığını açıqlayıb.
Qeyd edək ki, hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsi parlamentdə səsvermə olmadan qəbul edilib.