Paşinyan yanlış hesab etdi:

“Ermənistan Azərbaycan arasında sülh müqaviləsi imzalanmayana, sülh müqaviləsinə əsasən rəsmi İrəvan üzərinə götürdüyü hüquqi öhdəlikləri yerinə yetirməyənə qədər bu ölkədən Azərbaycana qarşı belə təxribatların törədilməsi tamamilə gözləniləndir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib. Müsahibimiz hesab edir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasının müddətini uzatmaqla özü üçün əlverişli geosiyasi şəraitin yaranmasını gözləyir.

Elnur Kəlbizadə

“Hazırkı şəraitdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ən müxtəlif geosiyasi güclərin qlobal və regional oyunçuların mübarizə meydanıdır. Bu region dünya geosiyasətində nüfuz sahibi olmaq üçün ən önəmli nöqtələrdən biri hesab edilir. Ermənistanın Azərbaycana qarşı təxribatlar törətməsində bu ölkə ilə yanaşı maraqlı olan kənar qüvvələr, digər ölkələr də var. Müxtəlif dövrlərdə Ermənistanın belə gözləntiləri olub. Ermənistan özü üçün əlverişli bir fürsətin yaranmasını gözləyir və zaman-zaman da müəyyən nöqtəyə gəlinəndə, bu cür təxribatlar törətməklə prosesin uzadılmasına çalışır”.

2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan geosiyasi şəraiti dəyişdiyini xatırladan Elnur Kəlbizadə vurğuladı ki, bu geosiyasi şərtlərlə hələ də barışmaq istəməyən, yaranmış yeni geosiyasi şəraitin mənafelərinə uyğun olmadığını düşünən qüvvələr var.

“Bu qüvvələr müəyyən zaman çərçivəsində Ermənistandan region siyasətində bir vasitə olaraq istifadə edəcəklər. Təbii ki, Ermənistan da, onun havadarları da, yaxşı bilirlər ki, hazırkı şəraitdə Ermənistan ordusu, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun qarşısında dayanmaq iqtidarında deyil. Azərbaycan ordusu düşmənə qarşı istənilən əməliyyatı uğurla həyata keçirmək gücündə olan ordudur. Sadəcə olaraq, bu tip təxribatlar danışıqlar prosesinin uzadılmasına yönəlib. Eyni zamanda, Ermənistan müəyyən manevrlər etməklə, kənar üçüncü qüvvələrin də bəzi hallarda prosesə cəlb olunmasına çalışır. Baş verən təxribat da məhz bundan qaynaqlanır”,- deyə E.Kəlbizadə qeyd edib.

Vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib ki, təmas xəttindəki son toqquşma Ermənistanın Avropa İttifaqına olan ümidlərini puça çıxardıb.

5 prinsip, Rusiyaya verilən mesaj və Brüsselin müsbət vasitəçiliyi…-

Elxan Şahinoğlu

“Baş nazir Nikol Paşinyan və onun nazirləri Avopa İttifaqının bir neçə yüz nəfərlik missiyasını iki illiyinə təmas xəttində ona görə yerləşdirdi ki, onlara arxalanaraq sərhədi öz bildikləri kimi formalaşdıracaqlarını və Azərbaycana qarşı təxribat etdikdə əks-zərbəylə üzləşməyəcəklərini zənn edirlər. Yəni İrəvan hesab edirdi ki, Azərbaycan Avropa missiyasının bölgədə varlığını nəzərə alaraq Ermənistanın təxribatına cavab verməyəcək. Yanıldılar. Avropa İttifaqının təmas xəttindəki missiyasının simvolik xarakter daşıdığı son toqquşma zamanı üzə çıxdı. Avropa İttifaqı prosesləri kənardan izləməyə üstünlük verməklə nə Ermənistanın təxribatlarında pay sahibi olmaq, nə də Azərbaycanla üz-üzə qalmaq istədi. Hesab edirəm ki, doğru qərardır”.

Elxan Şahinoğlu düşünür ki, İrəvan Avropa İtifaqının missiyasının Brüssel üçün hazırladığı hesabatdan xəbərsizdir.

“Ermənistanda missiya ilə bağlı başqa bir mövzu da gündəmi zəbt edib. Ermənilər ondan şübhəlidirlər ki, missiyanın Brüsselə göndərdiyi hesabatlar daha sonra tanışlıq məqsədilə Azərbaycana təqdim edilir. Ermənistan müxalifəti bu qənaətə gəlib ki, Avropa İttifaqı missiyasının təmas xəttindən hazırladığı hesabatlar daha sonra Bakıya ötürülürsə, bu Azərbaycanın Ermənistanla bağlı məxfi məlumatlarla tanış olması anlamına gəlir. Elə bu məqamda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova təmas xəttindəki son toqquşma ilə bağlı İrəvana bu səpgili mesaj göndərib: “Avropa İttifaqı missiyasını bölgədə yerləşdirəndə sonu belə olmalıydı...”

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR