Belçikada Avropa Parlamenti ilə bağlı aparılan korrupsiya istintaqında həbsdə olan yunan parlamentarisi Eva Kaili sərbəst buraxılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Belçika mətbuatına Kailinin vəkili açıqlama verib. Məlumatda deyilib ki, istintaqa nəzarət edən Belçika məhkəməsi Eva Kailinin həbsdən azad edilərək ev dustaqlığına buraxılmasına qərar verib. Prokurorluqdan verilən məlumatda Kailinin elektron qandalla ev dustaqlığında qalacağı bildirilib.
Qeyd edək ki, Yunanıstan parlamentinin deputatı 44 yaşlı Kaili və daha 3 nəfər rüşvət araşdırmaları çərçivəsində həbs olunmuşdu. Belçika Federal Prokurorluğunun məlumatına görə, onlar Qətər üçün rüşvət qarşılığında lobbi fəaliyyəti yürütməkdə, Avropa Parlamentinin qərarlarına təsir göstərməkdə, mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətində iştirakda şübhəli bilinib.
Eva Kaili ermənipərəst mövqeyi ilə seçilib. O, Azərbaycana qarşı qərəzli yanaşması ilə yadda qalan avroparlamentari olub.