Bakı, 3 iyun, AZƏRTAC
Bakı şəhəri ərazisində yerləşən çimərliklərin 2015-ci il yay mövsümünə hazırlığı ilə əlaqədar Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə dəniz suyunun keyfiyyət göstəriciləri ilə bağlı monitorinq keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, laborator müayinələr zamanı Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zağulba, Pirşağı, Nardaran və Hövsan çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji keyfiyyət göstəricilərinin norma daxilində olduğu aşkarlanıb.
Müəyyən edilib ki, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam edir. Laboratoriya müayinələrinin nəticələrinə görə, hər iki çimərlikdə bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə artıq olub.