Dünyanın ən nəhəng raketi bu gün kosmosa uçur:

İlon Maskın kosmos texnologiyaları yatırım şirkəti "SpaceX" dünyada ən güclü raket olan “Starship”in uçuşunu bu gün həyata keçirəcək. Mask bu raketin bəşəriyyət üçün planetlərarası səyahəti başlada biləcəyinə inanır.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Teksas ştatında yerli saatla 8:00-da (Azərbaycan saatı ilə 17:00) həyata keçiriləcək uçuş cəhdində raketin üst mərhələsi şərqə göndərilərək Yer ətrafında bir tur atacaq. “Starship”in üst seqmenti daha əvvəl qısa atışlarla test edilib, lakin raket ilk dəfə alt hissələri ilə birgə uçurulacaq.

Uçuş zamanı “Starship” Meksika körfəzi boyunca yüksəlib alçalacaq. Metan yanacaqla çalışan gücləndiricinin altında yerləşən 33 mühərrik 2 dəqiqə 49 saniyə ərzində yanacaq. Bu anda raket iki hissəyə ayrılacaq: Gəminin üst qismi öz mühəttiki ilə 6 dəqiqə 23 saniyə daha hərəkət edəcək. Plana görə raket bu müddətdə Karib dənizi üzərindən keçəcək və Yerdən 100 kilometr aralı olacaq.

Raketin dünya ətrafında tam bir tur atması və atmosferə yenidən daxil olması, Havay adalarının şimalına enməsi hədəflənib.

120 metr yüksəkliyi olan raket NASA-nın ən güclü raketi olan “Artemis”in iki qatına yaxın gücə sahibdir. Raket tamamilə yenidən istifadə edilə biləcək formada hazırlanıb. Bir təyyarə kimi insanları və peykləri gündə bir neçə səfər edərək kosmosa daşıması planlaşdırılıb. Bununla da sadə insanlar üçün planetlərarası səyahətin real ola biləcəyi düşünülür.

Raketlərin ilk uçuş cəhdlərində problemlərin yaşanması ehtimal edilən haldır. Odur ki, Mask bu uçuşla bağlı gözləntiləri aşağı tutmalı olduqlarını deyib:

“Nəhəng bir raketin ilk uçuşu çox mürəkkəb bir prosesdir. Buna görə də, uğursuz ola bilər. Çox diqqətli olacağıq və hər hansı bir şey görsək, uçuşu saxlayacağıq”.

Raketin uçuşunu izləmək üçün minlərlə insanın Meksika körfəzinə axın edəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR