Prezidentlə görüşən pakistanlı gənc: “İlham Əliyev dərin vizyonu olan şəxsiyyətdir”

“İlham Əliyev Azərbaycanın və bütün regionun inkişafı üçün açıq bir vizyonu olan və böyük təcrübəyə malik bacarıqlı lider kimi tanınır. Onun Azərbaycan iqtisadiyyatını canlandırmaq, mədəni və dini tolerantlığı təbliğ etmək və ölkənin xarici siyasət prioritetlərini irəli aparmaq üçün göstərdiyi səylər yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin irsini layiqincə davam etdirən İlham Əliyev Azərbaycanı dünyada lider dövlət olaraq tanıtmağa davam edir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Azərbaycan-Pakistan Məzunlar Assosiasiyasının sədri Qaiser Nevvab deyib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qarabağda – Şuşada “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə” adlı Beynəlxalq konfransda Prezident İlham Əliyev ilə görüşünü xatırlayan Qaiser Nevvab bildirdi ki, ölkə başçısının Qarabağa verdiyi dəyər, Azərbaycanın regional sülh və ədalətlə bağlı mövqeyi digər dost ölkələr tərəfindən də dəstəklənərək yüksək qiymətləndirilir. Hakimiyyətdə olduğu illərdə dahi şəxsiyyət Heydər Əliyevin Pakistanla sıx münasibətlərindən danışan gənc sədr Ulu Öndərin ölkəsinə verdiyi töhfələrə görə bu əlaqələrin vacib olduğunu ifadə etdi.

Qaiser Nevvab

“Pakistan və Azərbaycan arasındakı əlaqələr tarixən güclü olmuşdur. Bu illər ərzində münasibətlərimiz daha da dərinləşərək, inkişaf etməkdə davam etmişdir. İki ölkə ortaq mədəni irsi iqtisadi əməkdaşlığı, müdafiə və regional bir sıra məsələlərdə birgə çalışmışdırlar. Son illərdə iki ölkə arasında ticarət və investisiya əlaqələrinin artırılması üzərinə xüsusi işlər aparılır. Pakistan və Azərbaycan enerji, kənd təsərrüfatı və turizm kimi sahələrdə yüksələn xətt üzrə əməkdaşlıq imkanlarını artırmaqdadır. Həmçinin, iki ölkə arasında yüksək səviyyəli keçirilən səfərlər nəticəsində Pakistan və Azərbaycan liderləri, ikili münasibətləri və daha geniş əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüşüblər. Ümumiyyətlə, Pakistan və Azərbaycan arasındakı əlaqələrin inkişafı müsbətdir və hər iki ölkə qarşılıqlı əlaqələrin faydalarını artıraraq münasibətləri gücləndirməyə çalışırlar”.

İki ölkə arasında uzun illərdir davam edən münasibətlərin daha da inkişaf etməsinin vacib olduğunu ifadə edən Q.Nevvabi vurğuladı ki, hər iki ölkənin gənclərinin inkişafı üçün təcrübə mübadiləsinin qurulması önəmlidir.

“Pakistanın 70 faizi gənc nəsildir. Pakistan dünyanın ən gənc nüfuzlu ölkələrindən biridir. Azərbaycan və Pakistan liderləri gənclərə, gənc nəsilə daha çox dəstək verərək onların bir çox siyasi, iqtisadi, mədəni sahədə iştirakına zəmin yaradırlar. Azərbaycan və Pakistan arasında çox yaxşı dostluq münasibətləri var. Pakistandakı həkimlər dünya reytinqinə görə ən yaxşı həkimlər sırasındadırlar. Azərbaycan Pakistanda tibb sahəsinə investisiya qoya bilər. Həmçinin, Azərbaycana Pakistanın texnologiya sahəsinin mütəxəssisləri dəvət edilərək təcrübə mübadiləsi aparıla bilər. Bundan əlavə, Pakistan və Azərbaycan gəncləri arasında əlaqələrin yaradılması da akademik münasibətlərin artmasına kömək edəcəkdir. Hesab edirəm ki, lazım olan koordinasiya işləri görülərsə, bütün bunlar aramızda əməkdaşlığı daha da artıracaqdır”.

Prezident İlham Əliyev ilə görüşünü xoş anlarla xatırlayan Q.Nevvabi qeyd etdi ki, bu isti münasibət Pakistan və Azərbaycan arasında möhkəm əlaqələrin regional sülh və rifahın təşviqinə birgə sadiqliyini ifadəsidir.

“Prezident ilə görüşümüz çox dostca keçdi. Qarşılıqlı söhbət əsnasında İlham Əliyevinin yalnız öz ölkəsi üçün deyil, əksinə, bütün bölgə üçün dərin vizyonu olan şəxsiyyət, lider olduğunu hiss etdik. O dünyanın gündəmi haqqında geniş biliklərə, məlumatlara malikdir. Bölgədə sülhün bərqərar olması üçün doğru çox müsbət addımlar atmaq istəyir. İlham Əliyev ekologiyanı qorumaq üçün atılan təşəbbüslərin dəstəklənməsi tərəfdarıdır. O, Pakistanı qardaş ölkə kimi görür və Pakistanın Azərbaycan xalqı tərəfindən dəstəkləndiyini xüsusilə qeyd edir. Prezident ilə görüşümüz zamanı o, gənclərə dəstəklə bağlı yüksək fikirlərdə olduğunu ifadə etdi və onların sosial, siyasi sahələrdə ölkə, millət üçün davamlı inkişafda önəmli rol oynadığını vurğuladı. Biz İlham Əliyevin tez-tez sosial mediada idmanla məşqul olduğunu əks etdirən görüntüləri görürük. Ona bu barədə danışanda Prezident gülümsəyərək “aktiv və enerjik hiss etdiyiniz təqdirdə təzə fikirlər tapır və daha çox iş görə bilərsiniz” deyə cavab verdi. Hesab edirəm ki, bu sözlər də, gənc nəslə ünvanlanmış bir mesajdır”.


Qeyd edək ki, Qaiser Nəvvab Pakistanın müstəqilliyinin 75 illiyi ilə əlaqədar buraxılmış, üzərində milli qəhrəmanların təsviri olan 75 rupilik xüsusi xatirə əskinasını Prezident İlham Əliyevə təqdim edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR