Azərbaycan Türkiyədəki seçimləri niyə öz seçkisi kimi izləyir?

Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı nəinki qardaş ölkədə, eyni zamanda, Azərbaycanda da gərgin müzakirələr davam etməkdədir.

44 günlük Vətən müharibəsindən sonra, iki dövlət arasında münasibətlər yüksələn xətt üzrə daha da güclənməyə başladı. Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi, Azərbaycanla imzalanan “Şuşa bəyannaməsi”nin əsasında isə regionda yeni güc mərkəzi formalaşdı.

Bir neçə gündən sona baş tutacaq seçimlərin Azərbaycan üçün hansı vacib məqamları ifadə etdiyi ilə bağlı suala cavab olaraq tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Metbuat.az-a bildirdi ki, təkcə hazırkı seçkilər deyil, ümumiyyətlə, hər zaman Türkiyənin siyasi həyatında baş verən proseslər nəinki Yaxın Şərq, Qafqaz kimi qonşu regionların, o cümlədən bütün dünyanın diqqətini özünə cəlb etmişdir.

Elnur Kəlbizadə

“Türkiyə Cümhuriyyəti regionun və dünyanın ən mühüm dövlətlərindən biridir. Türkiyə Cümhuriyyəti NATO-nun üzvü olan kifayət qədər böyük hərbi, iqtisadi potensiala malik olan geostrateji mövqedə yerləşmiş bir ölkədir və bu ölkədə baş verən siyasi proseslər istənilən halda digər dövlətlərə, xüsusən qonşuluğunda yerləşən dövlətlərə öz təsirini göstərir. Bu baxımdan Türkiyə Cümhuriyyətində keçiriləcək hazırkı seçkilərin digər ölkələr tərəfindən izlənilməsi tamamilə təbii bir prosesdir”.

Elnur Kəlbizadə tarixə nəzərən xatırlatdı ki, Türkiyə siyasətindəki proseslərin Azərbaycana təsiri labüddür.

Dünyanın gözü Türkiye'de... İngiltere'den çarpıcı analiz! İşte seçimin  kaderini belirleyebilecek sessiz seçmen grubu - Haberler

“Azərbaycanla Türkiyə xalqının münasibətləri tarixin dərinliklərinə gedib çıxır. Ortaq tarixi köklər, dəyərləri daşıyırıq. Biz 19-cu əsrin sonunda baş vermiş müxtəlif müharibələrdə 20-ci əsrin əvvəllərində Balkan savaşlarında, Birinci dünya müharibəsi illərində, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edilərkən, 20-ci illərdə Türkiyədə Mustafa Kamal Paşanın başçılığı altında İstiqlal mücadiləsi aparılarkən iki qardaş xalq, iki dövlət qarşılıqlı olaraq bir birlərinə yardımlar göstərmişlər. 1990-cı ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın bir nömrəli müttəfiqi Türkiyə Cümhuriyyəti olmuşdur. Eyni zamanda, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün apardığı müharibə dövründə Türkiyə Azərbaycana böyük siyasi və mənəvi dəstək vermiş, digər dövlətlərin müdaxilə edəcəyi halda Türkiyə Cümhuriyyətini öz qarşılarında görəcəklərini açıq şəkildə bəyan etmişdir. 2020-ci il müharibəsindən sonrakı dövrdə Azərbaycan Türkiyə əlaqələri yeni bir səviyyəyə yüksəlmişdir”.

Azerbaycan parlamenti Susa Beyannamesini tesdiqleyib

Müsahibimiz 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa bəyannaməsinin iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinin əbədiləşdirilməsi, eyni zamanda, hər iki ölkənin siyasi, hərbi iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək vurğuladı ki, bu gün Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda dünya səviyyəsində bir-birinin qarantı olan iki qardaş ölkədir.

“Hesab edirəm ki, bu baxımdan Türkiyədə keçiriləcək seçkilərə burada böyük diqqət göstərilir, ictimaiyyət bu seçkiləri çox böyük maraqla izləyir. Təbii ki, son qərarı verəcək olan böyük türk millətidir. Türkiyə əhalisi seçkilərdə Türkiyənin gələcəyi naminə öz seçimini edəcəkdir. Azərbaycanlılar isə qardaş ölkə olaraq bu seçimin Türkiyəni yeni inkişaf səviyyəsinə gətirib çatdırmasını arzulayırlar”.

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı