İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev Tənzilə Narbayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakını yüksək qiymətləndirərək Ulu Öndərin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Özbəkistana səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə birlikdə Ulu Öndərin abidəsinin və onun adının daşıyan parkın açılmasını da bu ehtiramın təzahürü olduğunu dedi. Ümummilli Liderin dost və qardaş Özbəkistanla və Özbəkistan xalqı ilə əlaqələrə böyük diqqət yetirdiyini xatırladan Azərbaycan Prezidenti bu siyasətin bu gün də bütün istiqamətlərdə davam etdiyini məmnunluqla vurğuladı. Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısı ilə dostuq münasibətlərinin ikitərəfli əlaqələrimizin genişlənməsi işinə xidmət etdiyini bildirdi və bu işdə qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

    Dövlətimizin başçısı bu yaxınlarda Füzulidə olarkən Özbəkistan Prezidenti tərəfindən özbək xalqı adından hədiyyə olaraq burada inşa edilən məktəb binasında aparılan tikinti işləri ilə tanış olduğunu məmnunluqla bildirdi.

    Prezident İlham Əliyev Tənzilə Narbayevanın ölkəmizə səfərinin də əlaqələrimizin inkişafı baxımından önəmini qeyd etdi.

    Tənzilə Narbayeva, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, Özbəkistan Prezidenti strateji tərəfdaşlığa söykənən Azərbaycanla dostluq əlaqələrini yüksək qiymətləndiririr və Azərbaycan Prezidentinə qardaşlıq münasibətləri bəsləyir.

    Azərbaycan Prezidenti salamlara və xoş sözlərə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.

    Prezident İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda uğurlu islahatların aparıldığını dedi, bu yaxınlarda keçirilmiş referendum münasibətilə təbriklərini çatdırdı.

    Öz növbəsində Tənzilə Narbayeva hər iki dövlət başçısının rəhbərliyi ilə Azərbaycan və Özbəkistanda bütün sahələrdə uğurların əldə edildiyini vurğuladı.

    Özbəkistan Ali Məclisi Senatının sədri Ümummilli Liderin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirakından məmnunluq hissi keçirdiyini bildirərək Ulu Öndərin ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında xüsusi rolunu qeyd etdi. Vurğuladı ki, Özbəkistanda Ulu Öndərin xatirəsi dərin hörmətlə yad olunur və dahi şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər davam edir.

    Qonaq bildirdi ki, torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan Prezidenti ata vəsiyyətini yerinə yetirib və Azərbaycan xalqının qəhrəmanı olaraq tarixi missiya həyata keçirib.

    O, eyni zamanda, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyini xüsusilə qeyd etdi və ölkəmizin rəhbərliyi ilə Hərəkatın nüfuzunun artdığını, onun təsisatlanması istiqamətində mühüm işlərin görüldüyünü vurğuladı.

    Tənzilə Narbayeva mədəniyyət və humanitar sahələrdə əməkdaşlığımızın xüsusi əhəmiyyət kəsb etdiyini deyərək, bu xüsusda Azərbaycan Prezidentinin Özbəkistanın mədəniyyət xadimlərini, Özbəkistan Prezidentinin isə Azərbaycanın mədəniyyət xadimlərini təltif etmələrinin önəminə toxundu, bunun mədəniyyət işçilərinə böyük ruh və həvəs verdiyini diqqətə çatdırdı.

    Qonaq Özbəkistandan Azərbaycana səfər edən nümayəndə heyətlərinə daim göstərilən diqqətə görə də təşəkkürünü bildirdi.

    Söhbət zamanı xalqlarımız arasında ortaq tarixi köklərin, mədəniyyət və dil bağlılığının olması xüsusilə qeyd edildi.

    Görüşdə qeyd edildi ki, maşınqayırma, kənd təsərrüfatı, tekstil sənayesi, energetika, investisiya qoyuluşu və digər sahələr üzrə konkret layihələr və birgə Fond var. Hər iki prezident tərəfindən bu layihələr davamlı şəkildə diqqət mərkəzində saxlanılır.

    Ölkələrimizin beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı vurğulandı, gənclər sahəsində əməkdaşlığın, Azərbaycan və Özbəkistan gənclərini bir araya gətirən forumların keçirilməsinin önəmi bildirildi.

    12:43

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.

    Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı