Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliklərdən danışıb.
Mətbuat.az xəbər verir ki, bu qanunda olan dəyişikliyə əsasən, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilmir. Hazırda isə eyni maddədə "müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir” kimi qeyd edilir.
Rəşad Mahmudov öz müsahibəsində bildirir ki, ölkəmizə dərman idxalı edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi və lizenziyalaşdırılmasının asanlaşdırılmasına və sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək.