Putin və Rəisi yeni sazişi imzaladı: Diqqətlər Bakının üzərinə yönəlib - ŞƏRH

Kreml sahibi Vladimir Putin tələsir. Məsələ ondadır ki, Ukrayna bataqlığı və Qərb sanksiyaları Rusiya iqtisadiyyatını çökdürməkdədir. Putin mənfi təsirləri azaltmaq üçün qısa zamanda “Şimal-Cənub” nəqliyyat dəhlizini işə salmaq istəyir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. O hesab edir ki, İran prezidenti İbrahim Rəisi ilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanmasında məqsəd Rusiyanın Baltikyanı limanlarını İranın Fars körfəzindəki limanları ilə birləşdirməkdir.

“Dəmiryolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və tikintidə Rusiya Dəmir Yolları iştirak edəcək. Vaxtilə Rəşt-Astara dəmiryolunun tikintisi üçün Azərbaycan 500 milyon dollar kredit ayırmalı idi. Ancaq ABŞ İrana qarşı sanksiyalar qəbul etdikdən sonra İrana kredit ayırmaq çətinləşdi. Daha sonra İranın Azərbaycana qarşı artan təxribatları bu ölkəyə kredit verilməsini mümkünsüz hala gətirdi. Bu halda Kreml ön plana çıxaraq Rəşt-Astara dəmiryolunun tikintisini öz üzərinə götürdü.

Politoloqun qənaətinə görə, nəqliyyat dəhlizinin işləməsi üçün Bakı-Tehran arasındakı münasibətlər düzəlməlidir.

“Putinin istəyi bəllidir, sadəcə “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam gücüylə işləməsi üçün Azərbaycanla İran arasındakı münasibətlərin normallaşmasına ehtiyac var. Tehranın siyasəti hələ ki, buna imkan vermir.

Məlumat üçün bildirək ki, sazişi Rusiya nəqliyyat naziri Vitali Savolyov və İranın yol və şəhərsalma naziri Məhrdad Bəzrpaş imzalayıb. Mərasimdə Rusiya tərəfdən baş nazirin müavini Aleksandr Novak da iştirak edib.

Mərasimdə çıxış edən Putin bildirib ki, Rusiya, Azərbaycan və İran arasında dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir.

Qeyd edək ki, Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Bu xətt Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrinin birləşdirilməsi və transxəzər marşrutunun iqtisadi səmərəliliyinin artırılması üçün əhəmiyyət kəsb edir. Ehtimal olunur ki, Rəşt-Astara xətti Moskva və Tehranın iştirakı ilə, Astara (İran şəhəri)-Astara (Azərbaycan şəhəri) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə inşa ediləcək.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı