"Rza evini satıb, Qarabağ qazilərindən bəhs edən film çəkib" - Deputat

"Aktyor Rza Rzayevin həbsindən xəbərim var. Rza Azərbaycanda ən vətənpərvər, dövlətçi bir adamdır. O, Ermənsitanın vətəndaşlığını qəbul edər? Ola bilər əsəbləşib, bu sözü deyib. Məhkəmədə olmamışam. Rza ola bilər o sözü desin, amma onun qədər dövlətçi adam yoxdur. Bir adam ki evini sata, o pula Qarabağ qazilərinin taleyindən bəhs edən "Geyilməmiş ayaqqabılar” kimi möhtəşəm bir film çəkə. Belə bir adam o sözü işlədə bilər? Rzanı tanımırlar, onun boy-buxununun böyük olmağına baxmayın, ürəyi uşaq ürəyi kimi saf, təmiz bir oğlandır”.

Metbuat.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

"Rza Türkiyədə New York Film Akademiyasında 80-ci illərin əfsanə rejissoru Şelton Gilbertdən rejissorluq sənətinin incəliklərini öyrənib. Rza yaxşı rejissor, sənət adamı, ssenaristdir. Belə şey olar? Yığışıblar düşüblər Rzanın üstünə. Tutaq ki, Rza kiməsə qarşı səhv edib. Bunun üstündə birdən-birə götürüb adama iki il iş verin. Nə isə... Düzgün iş deyil. Bununla bağlı ziyalılar da, biz də müraciət edəcəyik. Mən Rzanı 10 ildən çoxdur, tanıyıram. Hələ onda bir səhv hərəkət görməmişəm. Adamı çilədən çıxarırlar, əsəbləşdirib stress vəziyyətinə salırlar. Hətta Cinayət Məcəlləsinə uyğun olaraq, affekt vəziyyətə görə insanlar cavab vermirlər. İndi Rzanı da affekt vəziyyətinə salıb əsəbləşdirib, nəsə dedirdiblər, ortaya belə şeylər çıxarıblar”, - deputat bildirib.

A.Abbas aktyorun Cinayət Məcəlləsinin 221.3-cü - xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə maddəsinə görə həbs edilməsinə isə belə cavab verib: "Hə, hə, Rza bir dənə də "qranatamyot” aparıbmış, bir dənə də avtomat götürübmüş, aparıb məhkəmənin arxasında gizlədibmiş. Yox bir... Onun yumruğu elə silahdır də...”

Xatırlatma: Tanınmış aktyor Rza Rzayev Aqil Abbasın müəllifi olduğu "Dolu” romanı əsasında çəkilən eyniadlı filmdə canlandırdığı "Drakon" obrazı ilə milyonların sevgisini qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı