Ukrayna Qərbdən F-16-lar gözləyir: “Kiyev üçün aviasiya koalisiyası formalaşır”

Xəbər verdiyimiz kimi, Ukrayna 16 Qərb ölkəsindən 40-50 ədəd F-16 qırıcı təyyarəsi almağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu məlumatı “Politico” nəşri Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sakaya istinadla yayıb. Saka bildirib ki, Kiyev F-16 qırıcılardan üç-dörd eskadra qurmağı planlaşdırır.

Sitat: “Hazırda Rusiya təyyarələrinin qarşısını almaq üçün Ukraynanın əlində vasitə yoxdur. Mövzunun müzakirə üçün yetişdiyini hər kəs başa düşür. Heç kim bunun mümkünsüzlüyü barədə danışmır”.

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, F-16-ların Ukrayna səmasında görünməsi də uzun sürməyəcək.

“Hadisələr çox sürətlə cərəyan edir, bir il əvvəl bunu təsəvvür etmək çətin idi. Ukraynalı pilotları simulyatorlarda yoxlayan amerikalı zabitlər təlim üçün 4 ayın kifayət edəcəyi barədə Pentaqona raport veriblər. Halbuki əvvəl bunun üçün azı 18 ay lazım olacağı güman edilirdi”.

Analitikin proqnozuna görə, hazırda Ukrayna üçün aviasiya koalisiyası formalaşır.

“ABŞ, Britaniya, Niderland, Belçika, Danimarka və Portuqaliya ukraynalı pilot və texniki xidmət personalına təlim verməyə razılaşıblar. Sonra bu ölkələrdən bəziləri, xüsusən F-35-ə keçid edən Niderland və Danimarka öz F-16-larını Ukraynaya verməyə başlayacaqlar”.

Ş.Cəfərli hesab edir ki, F-16-lar Kiyevə tez bir zamanda verilməyəcək.

“Lakin Ukrayna ordusunun böyük hücum əməliyyatının başlamasına çox az qalıb. Yəni F-16-ların bu əməliyyatlara yetişməsi mümkün deyil. Sabah Zelenski də fiziki olaraq Yaponiyada keçirilən G7 zirvəsinə qatılacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı