Bakıda avtoyuma məntəqəsindən maşın qaçırılıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 21-də saat 13 radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini İ.Cəfərova məxsus “Mercedes Vito” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini avtoyuma məntəqəsində işləyən Kürdəmir rayon sakini Fərid Rzayevin qaçırması və Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub.
F.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.