Müstəqillik Gününə həsr olunmuş “Əbədi Miras: Müstəqillik” adlı tədbir keçirilib - FOTOLAR

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Əbədi Miras: Müstəqillik” adlı tədbir keçirilib.

Metbaut.az xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyində 50-dən çox gəncin iştirakı ilə keçirilən tədbir Dövlət Himinin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, 105 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixinə olduqca mühüm hadisə kimi daxil olub. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan özünü Cümhuriyyətinin varisini elan etdi və suverenliyini qoruyub saxlamağı bacardı.

Bildirilib ki, bu gün müasir Azərbaycan 105 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı, xəyal etdiyi qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın istəyi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayan “İRƏLİ” İctimai Birliyin sədri Şahin Rəhmanlı bu gün Ulu Öndərin əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın tarixindəki rolu mövzusunda təqdimatla çıxış edib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması olduqca keşməkeşli dövrdə baş tutub. 23 aylıq fəaliyyət dönəmində Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindəndir. Çıxış müddətində həmçinin Nəsiman Yaqublu AXC-nin fəaliyyəti müddətində ordu quruculuğu, təhsil və mədəniyyət sahələrinin inkişafı, Azərbaycanın yenidən müstəqilliyinin qazanılmasında və cümhuriyyət irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bir sıra tədbirlər haqqında ətraflı məlumatlar çatdırıb.

Tədbirin sonunda auditoriyanın çoxsaylı sualları cavablandırılıb, xatirə fotosu çəkdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı