Deputatdan iki önəmli təklif: “Şəhid ata və anaları üçün fərqləndirici döş nişanı təsis edilsin”

“Təklif edirəm ki, şəhid ata və anaları üçün fərqləndirici döş nişanı təsis edilsin. Şəhid ata və anlarından, ağsaqqal və ağbirçəklərimizdən aldığım onlarla təkliflərdən sonra bu məsələni səsləndirmək qərarına gəldim”.

Metbuat.az xəbər verir ki, bunu deputat Razi Nurullayev söyləyib. Bildirib ki, şəhid analarını boyunlarından asdıqları şəhid övladlarının rəsmi ilə tanımaq olur, şəhid atalarını isə tanımaq olmur:

“Müxtəlif məclislərdə oluruq və irad bildirilir ki, siz niyə gedib şəhid atası ilə görüşmədiniz. Ölkəmizdə minlərlə şəhid ata və anası var və təbii ki, hamısını yadımızda saxlaya bilmirik. Bəzən növbələr olur, şəhid ata və anasına yer verilmir və tələb olunur ki, vəsiqəni göstər. Bunlar xətrə dəyən məsələlərdir. Əgər şəhid ata və anasının yaxasında fərqləndirici bir nişan olsa çox gözəl olar. Hər kəs onları tanıyıb hörmətlə yanaşar, dil-ağız edər və təbii ki, bu da onlara mənəvi olaraq yaxşı təsir edər. Yas və toy məclislərində onlara xüsusi hörmət və başda da yer göstərilər. Bu nəinki şəhid ata və analarına, həm də ümumi olaraq bütün vətəndaşlarımıza dövlət adına xoş təsir bağışlayar”.

R.Nurullayev ardınca digər təşəbbüslə çıxış etdi: “Təklif edirəm ki, müharibə iştirakçıları, veteranlar üçün də fərqləndirici üst geyim təsis edilsin. Bunu hətta Müdafiə nazirliyi də təsis edə bilər deyə düşünürəm. O paltarlar hərbi dükanlarda qoyula bilər ki, lazım olduqda bizim şanlı müharibə iştirakçılarımız və veteranlarımız onu əldə edə bilsinlər. Türkiyədə bu təcrübə var. Müharibə veteranları, iştirakçıları üçün üst yuxarı geyim və hərbi papaq şəklində baş örtüyü var. Üzərində isə “qazi” yazılıb. Bu təklifi niyə verirəm? Cəmiyyətdə belə bir müzakirə var ki, müharibə iştirakçıları tərxis olunandan sonra hərbi paltarı daşımamalıdır və bildiyiniz kimi, onların xeyli hissəsi, hətta hələ Birinci Qarabağ müharibəsindən bəri o paltarı əynindən çıxarmayıb. Bu onların özləri üçün də ağırlıq yaradır və sərbəst yaşamalarına mane olur.

Təklif edirəm ki, bu məsələləri aidiyyatı dövlət orqanları ilə müzakirə edək və əminəm ki, məsələyə müsbət yanaşılacaq”.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı