Mayın 31-i saat 00.30-da Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilində yerləşən tənzimlənən dəmiryolu keçidində fəaliyyət göstərən keçid növbətçisi naməlum şəxs tərəfindən təhdid edilib, daha sonra isə növbətçi otağına ziyan vurulub.
Metbuat.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Şəmkir rayonunun Sabirkənd kəndinin sakini Hüseynov Allahverdi Etibar oğlu saxlanılıb.
"Hazırda keçid növbətçisinin səhhəti normaldır, xəsarət alan olmayıb. Dəmir yolunda hərəkət qısa müddətdə bərpa edilib", - məlumatda deyilir.
Qeyd edək ki, maddi ziyanla nəticələnən hadisə nəticəsində müvafiq sahədə quraşdırılmış Mikro Prosessor Mərkəzləşməsi sisteminin qurğuları, o cümlədən rabitə-işarəvermə avadanlıqları və elektirik naqilləri sıradan çıxıb.
Xatırladaq ki, dəmir yolu infrastrukturuna ziyan vurulması, qatarlara daş atılması, dəmir yolu relslərinin üzərinə kənar əşyaların qoyulması, eləcə də dəmir yolunun üst quruluş elementlərinin oğurlanması və digər neqativ hallar qatarların qrafik üzrə təhlükəsiz hərəkətinə, sərnişinlərin və piyadaların həyatına, o cümlədən dəmir yolları ilə daşınan yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə təhlükə yaradır.
ADY vətəndaşlara tövsiyə edir ki, dəmir yollarının xüsusi əhəmiyyətli obyekt olmasını nəzərə alaraq, əmlaka zərər vurulması və oğurluq halları ilə rastlaşdıqda ADY-nin ‘’1822’’ qaynar xəttini və DİN-in ‘’102’’ xidməti-zəng mərkəzini dərhal məlumatlandırsınlar.
"Eyni zamanda hərəkət iştirakçılarını dəmir yolu xəttləri boyunca piyadalar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etməyə, nəqliyyat vasitələrinin sürücülərini isə ‘’Yol hərəkəti haqqında’’ Qanunun 44-cü maddəsinə riayət edərək dəmir yolu keçidlərindən düzgün istifadə etməyə çağırırıq", - ADY bildirir.