Uşaqlara ödənilən müavinət və təqaüdlər üzrə ödənişlər 5 dəfə artıb

BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda uşaqların müdafiəsi aparılan sosial siyasətin mühüm tərkib hissəsidir və hazırda qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid olan uşaqlar sosial təminat sistemi ilə əhatə olunub.

Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Nazirliyi bildirib. Nazirlik tərəfindən 18 yaşadək əlilliyi olan şəxslər, ailə başçısını itirən, aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və s. kateqoriyadan olan uşaqlar, habelə 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər, işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlər, valideyn himayəsindən məhrum uşaqların qəyyumları aylıq sosial ödənişlə təmin edilir. Uşağın anadan olmasına görə isə birdəfəlik müavinət ödənilir.

Ötən dövrdə bu ödənişlərin artırılması təmin olunub. Xüsusilə son beş ildə ölkəmizdə reallaşdırılan 4 sosial islahat paketi nəticəsində müavinət və təqaüdlər üzrə ödənişlərdə 5 dəfə artım baş verib.

2021-ci ildə Qəbələ Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilməklə Nazirliyin uşaq reabilitasiya müəssisələrinin sayı 3-ə çatdırılıb. Qeyd olunan müəssisələrdə uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikası təyin edilərək, fərdi reabilitasiya planları əsasında onların tibbi, sosial, tədris-peşə reabilitasiyası işləri aparılır. Yaxın vaxtlarda Şəmkir rayonunda da Uşaq Reabilitasiya Mərkəzi istifadəyə veriləcək, Ağcabədi və Quba rayonlarında isə Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinə başlanacaq.

Nazirliyin sosial xidmət müəssisələrində həssas qruplardan olan, o cümlədən əlilliyi olan uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Habelə icra olunan sosial xidmət layihələri çərçivəsində isə hər il minlərlə uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunur.

Azərbaycan ötən dövrdə BMT-nin «Uşaq hüquqları haqqında», BƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyalarını ratifikasiya edib. Ölkə qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir. Uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən olunub və uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri qadağandır.

Ölkəmizdə övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirir. Bu sahədə müasir və şəffaf idarəetmə modeli yaradılaraq, övladlığagötürmə üzrə xidmətlər də elektronlaşdırılıb. Həmin vaxtdan 196-sı oğlan, qalanı qız olmaqla 391 uşaq övladlığa götürülüb. Reinteqrasiya tədbirləri nəticəsində isə 287 uşaq müəssisələrdən öz ailələrinə geri qaytarılıb.

Hazırda ölkəmizdə “Himayədar ailə” modelinin də tətbiqinə hazırlıq işləri aparılır. Məqsəd valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüməsi və inkişafına şərait yaradılmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı