Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək

Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub.

Dövlət Proqramında bildirilir ki, Naxçıvan Muxtar Respublikasında ən müasir texnologiyaların tətbiqi telekommunikasiya və poçt xidmətlərinin çeşidini və keyfiyyətini artıracaq, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin, dayanıqlığın və xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndirilməklə yenilənəcək, əhalinin keyfiyyətli internet xidmətlərinə çıxışı asanlaşacaq, həmçinin mobil rabitənin inkişafı ilə bağlı tədbirlər həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müvafiq layihələr gerçəkləşdiriləcək.

Aşağıbüdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvan Muxtar Respublikası ilə yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmaları təşkil ediləcək.

Zəngəzur dəhlizinin açılması burada dəmir yolu infrastrukturunun yenilənməsini də zəruri edir. Bu səbəbdən dəmir yolu infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin olunacaq.

Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqli üçün boru kəməri çəkiləcək.

Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının artırılması ilə bağlı tədbirlər görüləcək.

Kənd təsərrüfatına yararlı tоrpaqların su ilə təminatının yaхşılaşdırılması, təsərrüfatlarda mövcud ənənəvi suvarmadan mərhələli olaraq mütərəqqi suvarma sistemlərinə keçidin təmin edilməsi ilə torpaqlardan səmərəli istifadə olunacaq, müasir suvarma infrastrukturu formalaşdırılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı