"Hazırkı vəziyyətdə sülhün olacağına sadəlövhlər inana bilər" - Ekspert

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronun Kişineuda keçirilmiş “Avropa siyasi birliyinin” 2-ci Zirvə toplantısı çərçivəsində qeyri-rəsmi görüşdə gözlənilənlərin əksinə olaraq hər hansı bir sənəd imzalanmayıb.

İyulun 21-də isə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Brüsseldə görüşəcəklər. Bundan başqa, oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək “Avropa siyasi birliyinin” 3-cü Zirvə toplantısında Kişineu formatında görüş yenidən planlaşdırılır.

Siyasi şərhçi Azər Qasımov qarşıdakı Brüssel görüşü ilə bağlı gözləntilərini Metbuat.az-a danışıb. Ekspert hesab edir ki, keçirilən görüşlər görüntü olaraq həlledici kimi xarakterizə edilsə də, mahiyyət etibarı ilə vaxt qazanılmasına hesablanıb. Yaxın zamanda tərəflərin sülh masası ətrafında oturub oturmayacağı ilə bağlı suala cavab olaraq ekspert bildirdi ki, hazırkı vəziyyətdə sülhün olacağına sadəlövhlər inana bilər:


“Bu praktikanı biz 30 il işğal dövründə yaşadıq. İşğal olunan ərazilərin azad olunmasının razılaşdırıldığı deyilsə də, amma Qarabağ ermənilərinin statusu məsələsində fikir ayrılığının qaldığı bildirilirdi. Daha sonra baş verənlər isə hamıya bəllidir. İndi də eyni proseslər gedir.Tərəflər sülhə çox yaxınlaşdıq desələr də, sərhəddə atışmalar artır, Paşinyan razılaşdırılmış məsələlər barədə əks bəyanatlar verir. Bir sözlə, nə qədər də optimist bəyanatlar verilsə də, sülh məsələsinin mümkün olmadığı qənaətindəyəm”.

Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın yenidən prezident seçilməsi münasibəti ilə keçirilən inaqurasiya mərasimini xatırladan Azər Qasımov qeyd etdi ki, Ermənistan baş naziri Nikol Paşinyanın mərasimə dəvət edilməsi siyasi xoşməram jestidir.

“Türkiyə və Azərbaycan rəhbərləri Paşinyanın timsalında erməni toplumuna sülhün onlar üçün əhəmiyyətini başa salmaq istəyirlər. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və ərazi iddiasının olmamasını ciddi qəbul etmək olmaz. Erməni məkri həmişə belə olub. Zəif olanda özünü məzlum göstərib, əlinə fürsət düşəndə vəhşiyə dönüb. Hesab edirəm ki, Ermənistan sülh yoluna ancaq güc yolu ilə gələ bilər. Başqa yollar vaxt itkisindən başqa bir şey deyildir”, - deyə Azər Qasımov açıqlamasını yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı