Lirəni dirçəltmək üçün Türkiyə hansı addımlar atmalıdır? - Ekspertlər TƏHLİL ETDİ

Bir neçə gündür Türkiyə valyutası növbəti dəfə rekord həddə ucuzlaşmaqda davam edir. Vəziyyəti dəyərləndirən analitiklərin proqnozuna görə, seçki dönəmində sərbəst bazarla banklararası bazar arasında məzənnə fərqləri və hazırda dollar-lirə nisbətinin artması lirənin ucuzlaşmasına təsir göstərən amillərdəndir.

Metbuat.az bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov ilə söhbət edib. Saytımıza açıqlamasında müsahibimiz bildirdi ki, lirənin ucuzlaşmasına birinci səbəb Türkiyənin apardığı dönməz xarici siyasət, beynəlxalq aləmdə Ankaraya qarşı təzyiq olaraq müəyyən iqtisadi rıçaqlardan istifadə halları, eyni zamanda da Türkiyənin də iqtisadi vəziyyətdən siyasi vəziyyətə yəni idarəçilikdə iqtisadi faktorlardan daha çox siyasi faktorların önə çəkməsidir.


Eldəniz Əmirov

“Türkiyə hakimiyyəti lirənin ucuzlaşmasının və hiperinflyasiyanın qarşısını almaqdan ötrü qeyri-ənənəvi metodlardan istifadə etməyə başladı. Bu addım iqtisadiyyatda heterodoks siyasət adlanır. Heterodoks siyasət qısamüddətli dövr üçün effektiv olsa da, uzunmüddətli dövrdə təsiri yüksək ola bilmir. Əgər bu heterodoks siyasətin, yəni qeyri ortodoks siyasətin bir zaman “U” dönüşü və altını bərkidəcək digər iqtisadi göstəricilər olmazsa, o zaman bu siyasət uğursuz olur. Türkiyə ixracı stimullaşdırmaq, yerli istehsalı, ticarət dövriyyəsini artırmaq, ixracı təşviq edəcək, məsələləri qabardan sərt monetar siyasət deyil, yeni qeyri-ənənəvi davranışlar sərgilədi. Nəticədə, uçot dərəcəsi ciddi şəkildə azaltdı və lirənin ucuzlaşması baş verdi”.

Lirənin dirildilməsi və vəziyyətdən çıxış yolu ilə bağlı suala cavab olaraq Eldəniz Əmirov dedi ki, yəqin ki, seçkilərdən sonra yeni hökumətin təyin olunması, hökumətdə idarəetməyə gələn kadrlar “U” dönüşü etməsi ilə bağlı artıq qərarlar veriblər. Ekspert hesab edir ki, bu qərarın verilməsi ilə dərhal lirəyə olan təzyiqi azaltmaq mümkün deyildir.

“Ölkəni tərk edən kapital lirəyə ciddi təzyiq yaradır və bu da lirəni ciddi şəkildə ucuzlaşdırır. Türkiyə tərəfi hesablayırdı ki, ixracı stimullaşdıracaqlar. Amma elə ixrac var ki, xarici xammallardan asılıdır, xaricdən gətirilən xammal isə ölkədən valyuta çıxardır. Yəni, bəzi incə məqamlara qeyri-ənənəvi metodlar təsir göstərir. Buna görə də düşünürəm ki, artıq Türkiyə tərəfi də sərt monetar siyasəti həyata keçirməyə başlamalıdır. Qeyd edim ki, bu siyasət də daha ciddi şəkildə, yəni bir, üç faiz deyil daha yüksək faiz bəndlərinin artırılması hesabına sərt monetar siyasət həyata keçirilərsə, o zaman bu ilin üçüncü rübünün sonlarına doğru müəyyən qədər stabilləşmə müşahidə edə bilərik”.

Eldəniz Əmirov vurğuladı ki, qardaş ölkənin bu çətin günlərində Azərbaycanın da dəstəyi olduqca vacibdir.

“Düşünürəm ki, bu vəziyyət ölkənin aparacağı monetar siyasətin dəyişməsi ilə mümkün deyil. Eyni zamanda, müəyyən iqtisadi əlaqələrə, ikitərəfli sazişlərə, müəyyən ödənişlərin ikitərəfli formatda dəstəklənməsinə,yenidən baxılmasına çox böyük ehtiyac vardır. Hesab edirəm ki, ələxsus da enerji təchizatı sahəsində Azərbaycan Türkiyənin əsas tərəfdaşlarından biri olaraq çıxış edəcəkdir”.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Hasan Oktay Metbuat.az-a açıqlamasında bildirdi ki, artıq vəzifəyə yeni təyin olan Türkiyənin yeni Maliyyə və Xəzinə naziri Mehmet Şimşəkin rəhbərliyi ilə hazırkı iqtisadi mənzərənin "rasional zəmin"ə qaytarmaq üçün sıx səylər göstərilməyə başlanılıb.

Hasan Oktay

“Mehmed Şimşəkə hazırda pandemiyadan sonra yaşanan dalğalanmalar, qlobal müharibələr, geosiyasi risklər, xarici amillərlə yanaşı, daxildə “faizlər”in vurduğu zərərlərdən sonra xüsusilə bu vəziyyətin üzərinə yaşanan təbii fəlakətin fəsadları ilə birlikdə olduqca acınacaqlı vəziyyətə düşən iqtisadiyyatın xilası kimi mühüm bir vəzifə etibar edilib. O postuna başlayan zaman çıxışında “rasional zəminə qayıtmaqdan başqa çarəsinin olmadığını” bildirdi. Seçki sonrası təzyiqlər azaldıqca, Şimşəyin açıqlamasından sonra gözlənildiyi kimi, məzənnə ildırım sürəti ilə dəyişdi. Seçkilərin ikinci turundan əvvəl 19,97 TL olan dolların məzənnəsi 11 gündə 16 faiz artaraq 7 iyunda 23 TL olub. Bildirildi ki, yeni rəhbərini gözləyən Mərkəzi Bankın swoplar daxil mənfiyə düşən rezervlər səbəbindən xarici valyuta hesablarına müdaxilə etmək səlahiyyəti yoxdur. Bankın intervensiyanı dayandırması və məzənnənin yüksəlməsinə icazə verəcəyi təqdirdə bunun ixracatçıları qane edəcəyi, eyni zamanda xərc inflyasiyası hesabına yaşayış səviyyəsində bahalaşma və dollarla milli gəlirin azalmasına səbəb olacağı vurğulanır. Vəziyyətdən çıxış yolu valyuta məzənnələrinin və onunla bağlı digər makroiqtisadi göstəricilərin sabitləşməsi üçün ortamüddətli dövrdə iqtisadiyyata valyuta daxilolmaları artmalı və xarici resurslar balansı yaradılmalıdır”.

Hasan Oktay hesab edir ki, yeni rəhbərlik son günlərin ən mübahisəli tətbiqi olan lirə əmanətçilərini valyuta məzənnəsi itkisindən qorumağı nəzərdə tutan mexanizmlər (KKM) ilə bağlı məsələyə diqqət ayırmalıdır.

“KKM sistemi esablara lirə qoyanlar üçün mövcud 14%-lik faiz dərəcəsindən üç faiz yuxarı gəlir nəzərdə tutur. Yaxud xarici valyuta ehtiyatlarını lirəyə çevirənlər 26%-dək gəlir əldə edə bilərlər. Yatırımlar ən azı üç aylığa qoyulmalıdır. May ayında bu sistemlə valyuta qoyuluşunun həcmi 2,5 trilyon lirəyə çatıb. Mövcud məzənnə ilə bu, 116,4 milyard dollara uyğundur, məzənnə yüksəldikcə KKM-nin xəzinədarlıq xərci artır və dövlət maliyyəsində yeni qara dəlik formalaşır. KKM-nin illik dərəcəsinin 20 faiz olduğunu fərz etsək, yalnız son 10 gündə dolların məzənnəsindəki 10,3 faiz artım fərqinə görə Xəzinədarlığa təxminən 200 milyard lirə yük düşüb. Şimşək və yeni iqtisadiyyat rəhbərliyinin KKM məsələsinə həll tapacağı iqtisadi dairələrdə maraqla gözlənilir. Mart ayının sonunda Türkiyənin bir il ərzində xarici borcunun qaytarılması üçün 203,3 milyard dollar lazım olduğu ilə bağlı məlumatlar var. Dolların məzənnəsindəki hər 1 sent artım bu öhdəliyi 2 milyard 33 milyon lirə artırır. Sürətlə artan büdcə kəsiri də yeni iqtisadiyyat administrasiyasının təcili müdaxilə etməli olduğu problemlər siyahısındadır. Ölkənin büdcə kəsiri ilin ilk 4 ayında 382,5 milyard lirəyə çatıb. Bu əvvəlki illə müqayisədə 1,875,9 faiz çoxdur. Effektiv tədbirlərlə təmin edilməsə, kəsirin il ərzində 1,5-2 trilyon lirəyə çata biləcəyi ilə bağlı fikirlər var. Qarşıdan gələn yeni məzənnə şokları, qısamüddətli valyuta öhdəlikləri yüksək olan şirkətləriişdən çıxarma və iflas kimi vəziyyətlərə sürükləmə ehtimalı mümkündür. Bu səbəbdən bank sektoru və ümumilikdə milli iqtisadiyyat üçün risk var”.

Hasan Oktay qeyd etdi ki, ən yüksək inflyasiya və valyutasının ən çox dəyər itirdiyi ilk 10 ölkədən biri olan Türkiyənin bu vəziyyətdən çıxış yolu ehtiyac duyduğu nəhəng xarici resursların tapılması ola bilər.

“İqtisadiyyatdakı valyuta yanğınının qısa müddətdə söndürülməsi və orta müddətli dövrdə makro tarazlığın qorunması baxımından borclanma xərclərinin azaldılması və investisiya axınının artırılması həyati əhəmiyyət kəsb edir. Türkiyənin 700-ü keçən kredit riskinazir Mehmet Şimşəkin gəlişi ilə 500-dən aşağı düşüb. Bu da olduqca müsbət nəticə sayılır. Ancaq rasional zəmin yaratmaq üçün iqtisadiyyatda güclü yeni yol xəritəsinin müəyyən edilməsi lazımdır. Bunun üçün də kredit reytinqini yüksəldəcək struktur islahatlara dərhal başlanılmalı, xarici bazarlara inam təmin edilərək qaynaq axını sürətləndirilməlidir”.

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı