Razi Əliyevanı döyən Ziya məşhur siyasətçinin qohumu imiş - FOTO

Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadə həbs qərarından apelyasiya şikayəti verib. Onun şikayətinə iyunun 12-də Bakı Apelyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyilə baxılacaq.

Ziya Hüseynzadə modelin üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən sonra saxlansa da, ona qarşı başqa məsələlərlə əlaqədar da ittihamlar irəli sürülüb. Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) 186 ( əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.

Təxminən ayyarım öncə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı açıqlamada Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edərək, külli miqdarda kredit götürdüyü iddia olunan şirkətlərlə bağlı cinayət işi başlandığı bildirilirdi. Həmin açıqlamada adıçəkilən şirkətlərdən biri də Ziya Hüseynzadənin faktiki rəhbərlik etdiyi "PKF Audit Azerbaijan” MMC idi. Bu məsələ ilə bağlı istintaq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Meydan TV məlumata əldə edib. Məlumata görə, Ziya Hüseynzadə keçmiş Baş nazir Novruz Məmmədovun qohumudur.

Ziya Hüseynzadə model Razi Əliyevanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, modelin üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin mayın 26-da baş verdiyi müəyyənləşdirilib. İddia olunur ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib.

"Ziya Hüseynzadənin ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb”, - DİN-in rəsmi açıqlamasında bildirilirdi.

2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib:

"Demək olar, bir il idi ki, mənə əzab verirdi. Tanımadığım nömrədən telefonuma gələn mesaja görə məni sutkalarla döyürdü. Gedirdi, mesajı yazanla görüşürdü, məsələni aydınlaşdırandan sonra gəlib, mənə barışmaq üçün yalvarırdı. Məni evdə bağlayırdı ki, ondan qaçmayım. Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi. Sonra da hərəkətsiz düşən bədənimi hamama sürüyüb qanı yuyurdu. Mən isə ondan qaça bilmirdim. Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək…”.

Onun sözlərinə görə, Ziya Hüseynzadə evli olsa da, onunla münasibətlərinə son qoymaq istəməyib:

"O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib, təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı. Əgər mənim, anamın və yaxınlarımın başına nəsə gəlsə, bilin ki, bunun günahkarı odur”.

Ziya Hüseynzadə isə ünvanına səslənən bu fikirləri təkzib edib. O, "İnstagram”da yaydığı açıqlamada vurğulayıb ki, haqqında yayılan iddiaların məqsədi ondan pul qoparmaq, özünü və ailəsini ləkələməkdir:

"Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pul tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım var, istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyəti yoxdur, daxil olmuş məlumata əsasən, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir.

Əlavə olaraq qeyd edim ki, qarşıma uzaqdan iddia irəli sürən Razi Əliyevanın qeyri-qanuni insan alverində etirafı ilə bağlı videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yayındırır. İstəyir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın. Lakin mən Azərbaycan polisinin ədalətliliyinə əminəm”.

Ziya Hüseynzadənin Avropa Yenidənqurma və İnkişaf Bankıyla bağlı ittihama münasibəti məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı