"Bu il Azərbaycan turizminin bərpa ili olacaq" - EKSPERT RƏYİ

Havaların istiləşməsi Azərbaycanın turizm sektorunda canlanma yaradıb. Pandemiyadan sonra bu sahədə durğunluq yaşansa da, hazırda görülən bərpa işləri effektini verməkdədir.

Regionlarımızın turizm potensialının inkişafı ilə bağlı Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva Metbuat.az-a bildirdi ki, bu yay mövsümü turizm sənayesinin bərpasında mühüm rol oynayacaq:

“Yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü hesab edilir ki, bu da daha çox turistik səfər deməkdir. Bu baxımdan qarşıdakı mövsüm özündə turizmin bərpası istiqamətində mühüm imkanları ehtiva edir. İstər 2022-ci ilin statistikası, istərsə də cari ilin ilk 4 ayındakı göstəricilər turizmin pandemiyadan sonra bərpasının tam sürətlə davam etdiyinin göstərir. Belə ki, 2023-ci ilin yanvar, fevral, mart və aprel aylarının ötən ilin eyni ayları ilə müqayisəsi ölkəmizdə müvafiq olaraq 61, 49, 42 və 83 faiz artımın olduğunu göstərir. Bütövlükdə 4 ayın (yanvar – aprel) statistikası isə ötən ilin rəqəmlərini 58 faiz ötdüyümüzü deməyə əsas verir. Bu isə pandemiyadan əvvəlki rəqəmlərlə müqayisədə 62 faiz bərpa deməkdir”.


Gülnar Mustafayeva

Bu yay mövsümünün Azərbaycan turizmi üçün ötən ildən daha uğurlu olacağını ifadə edən “Smart Hotels Management” hotel idarəetmə şirkətinin təsisçisi və rəhbəri, turizm eksperti Ceyhun Aşurov Metbuat.az-a açıqlamasında xatırlatdı ki, pandemiyadan öncəki il - 2019-cu illə müqayisədə Azərbaycanda turizm 50 faiz, dünya ölkələrində isə 60 faiz bərpa olunub. 2023-cü ilin daha çox məhdudiyyətlərin aradan qalxdığı, insanların sərbəst hərəkət, səyahət etdiyi dövr olduğunu qeyd edən ekspert hesab edir ki, bu il Azərbaycanda turizm sahəsinin bərpa ili olacaq:

“Yay mövsümü insanların əksəriyyətinin tətilə çıxdığı, səyahət etdikləri və istirahətinə vaxt ayırdığı bir dövrdür. Əvvəlki illərdə də biz daxili turlara daha çox tələbatın olduğunu müşahidə edirdik. Bu vəziyyət qiymətlərə də təsir edir. Turizmin xidmət sahəsində olan nöqsanlar daha çox qarşımıza çıxır. Hesab edirəm ki, bu mövsüm üçün artıq regionlarda fəaliyyət göstərən otellər, qonaq evləri və s. hazırlıqlarını tamamlayıb, işçi heyəti ilə bağlı da müəyyən məsələləri həll ediblər. Nəticədə, yaxşı xidmət daha çox müştəriyə, qonağa xidmət göstərmək deməkdir. Daha çox müştəri cəlbi isə həmin istirahət mərkəzlərinin qazancının artmasına səbəb olacaqdır”.

Ceyhun Aşurov

Pandemiyada daxili turizmə tələbatın artmasının regionların turizm potensialına müsbət təsir etdiyini vurğulayan Ceyhun Aşurov bildirdi ki, bu səbəbdən bölgələrdə hotel sayları, qonaq evləri, kənd evləri və digər icarəyə verilən evlərin sayı da çoxaldı. Hazırda qiymətdə və xidmətdə müəyyən qədər rəqabət mühitinin yarandığını deyən Ceyhun Aşurovun qənaətinə görə, əvvəlki illərlə müqayisədə bu il də regionlarda istirahət etmək istəyənlərin sayı çox olacaq:

“Düzdür, Azərbaycanda quru sərhədləri bağlı olsa da, hava nəqliyyatı ilə bağlı kifayət qədər imkanlar var. Vətəndaşlarımız koronavirus ilə bağlı tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığına görə, rahat şəkildə başqa ölkələrə səyahət edə bilirlər. Bu mənada xaricə gedənlərin sayında da, müəyyən qədər artım olacaqdır. Amma onu da qeyd etmək lazımdır ki, bu artım elə də çox olmayacaq. Çünki xarici tur paketlərin qiymətində də təqribən 50 faizə qədər artım var. Gedənlərin sayı çox olsa da, daxildə tələbat yenə də aktiv olacaqdır. Dövlət Turizm Agentliyi tərəfindən açıqlanan ümumi hesabatda qeyd olunub ki, 2026-cı ilə qədər 4 milyon və daha çox turistin Azərbaycana gəlməsi arzu edilir. Hədəf isə uzunmüddətli dövrdə 5 milyon xarici turistin Azərbaycana gətirilməsidir. Düşünürəm ki, bu, elə də böyük rəqəmlər deyil. Nəticə əldə etməyimiz üçün ölkə və regionlar səviyyəsində daha çox hazırlıqlı olmağımız lazımdır. Azərbaycanın turizm potensialı daha çoxdur. Bu imkanlardan istifadə edə bilmək üçün istər paytaxtda, istər regionlarda ciddi işlər görülməlidir. Bazar iştirakçıları daha çox olsa, rəqabətli mühit qiymət və xidmətin keyfiyyətində də öz sözünü deyəcək”.

Dövlət Turizm Agentliydən Metbuat.az-a verilən statistik məlumatlara əsasən, 2023-cü ilin ilk 4 ayında Azərbaycanı 166 276 Rusiya vətəndaşı ziyarət edib və bu ötən ilin eyni dövrü ilə müqayisədə 92% artım deməkdir. Rusiyadan səfərlərin sayının təşviq edilməsi məqsədilə Azərbaycan Turizm Bürosu avqust ayında Moskva və Sankt-Peterburq şəhərlərində ölkəmizin turizm imkanları ilə əlaqədar silsilə təqdimat tədbirlərinin keçirilməsi planlaşdırılır. Belə ki, cari ilin yanvar-aprel dövrü ərzində Azərbaycana səfər edən Özbəkistan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb. Özbəkistan 2019-cu ilin ilk 4 ayı üzrə rəqəmləri 59%-lə üstələyərək pandemiyadan sonra tam bərpa olunan ölkələr sırasındadır. 2022-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub. Eyni zamanda Səudiyyə Ərəbistanı 2023-cü ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır. 2023-cü ilin 4 ayı üzrə BƏƏ-dən gələn ziyarətçilər 7-ci yerdədirlər. Qeyd edək ki, ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün vizasız rejimin tam tətbiqindən sonra BƏƏ üzrə rəqəmlərin daha da artması gözlənilir. Hazırda Dubay, Şarjah və Əbu-dabi şəhərləri üzrə həftədə 45 dəfədən çox uçuş həyata keçirilir. Son dövrlərdə Hindistan və Pakistandan gələn xarici ziyarətçilərin sayı artmaqdadır. 2023-cü ilin 4 ayının statistikasına əsasən hər iki ölkə müvafiq olaraq 5 və 6-cı yerlərdə qərarlaşıblar. Hindistan və Pakistan COVİD-19 pandemiyasından sonra tam bərpa olunan, hətta 2023-cü il və 2019-cu ilin yanvar-aprel aylarının müqayisəsinə əsasən müvafiq olaraq 72% və 3% artım göstərən ölkələr sırasındadırlar.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı