"Ərdoğanın Azərbaycana səfəri bizi istəməyən düşmənlərə mesajdır" - ŞƏRH

“Azərbaycan və Türkiyənin istər daxili məsələlərdə, istər beynəlxalq arenada nümayiş etdirdiyi həmrəylik var. Ərdoğanın ölkəmizə səfəri Azərbaycan və Türkiyə arasında tarixi qardaşlıq əlaqələrinin ən güclü nümunələrindən biri olacaq”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Deputatın sözlərinə görə, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri kontekstində Türkiyə-Azərbaycan əlaqələri daha da güclənir, iki lider arasında səmimi münasibətlər dövlətlərarası əlaqələrə böyük töhfələr verir:

“44 günlük Vətən müharibəsi dövründə Azərbaycan hərbi gücü ilə torpaqlarını işğaldan azad etdiyi zaman Türkiyə Azərbaycana həm siyasi, həm də mənəvi dəstəyi hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldı. İkinci Qarabağ müharibəsində əldə edilən zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi qələbəsi kimi qiymətləndirilir.

Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün həm dövlətimiz, həmdə hər bir Azərbaycan vətəndaşı imkanı daxilində Türkiyənin, türk xalqının yanında oldu. Türkiyə bunu heç vaxt unutmayacaq. Azərbaycanın göstərdiyi dəstək tək bununla bitmədi. Türkiyəyə siyasi sahədə göstərilən dəstək, İlham Əliyev tərəfindən Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının zirvə görüşünün keçirilməsi, Şuşada zirvə görüşünün keçirilməsi - bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərində çox mühüm rol oynadı.

Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm sənəd olan Şuşa bəyannaməsi regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu”.


A.Nağıyev Ərdoğanın Azərbaycana dövlət səfərində əsas məqsədin dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək olduğunu ifadə edərək qeyd etdi ki, regionda baş verən siyasi hadisələr, iqtisadi məsələlərə baxış əsas müzakirə mövzusu olacaq:

“Əsas məqamlardan biri təbii ki, Qarabağ məsələsində Azərbaycan-Ermənistan münasibətləri və bu yolda sülh müqaviləsinin imzalanması üçün atılan addımlar, Türkiyə ilə Ermənistan sərhədinin açılması, Zəngəzur dəhlizi kimi çox mühüm əhəmiyyət kəsb edən mövzular olacaqdır. Türkiyənin Azərbaycanla olan münasibətləri yeni bir mərhələyə qədəm qoyur. Əvvəllər iki dövlət arasında başladılan layihələr də davam etdiriləcək və yeni layihələr üzərində yəqin ki, müzakirələr aparılıb, müəyyən nəticələr əldə ediləcəkdir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi bir dövrə təsadüf etdiyini bildirən politoloq Tural İsmayılov Metbuat.az-a açıqlamasında vurğuladı ki, Ərdoğanın prezident seçildikdən sonra ilk xarici səfərlərini Şimali Kıbrıs Türk Cümhuriyyətinə və Azərbaycana həyata keçirməsi bütün dünyaya bir mesajdır:


“Bununla dostlarımıza Azərbaycan-Türkiyə birliyinin və vəhdətinin bundan sonra yüksələn xətlə inkişaf edəcəyi mesajını veririk. Eyni zamanda bizi istəməyən düşmənlərə də, Cənab Ərdoğan mesaj verir ki, hər bir dövrdə Türkiyə Azərbaycanın yanında yer almağa davam edəcək. Bu baxımdan bu gün Azərbaycan-Türkiyə əlaqələri o qədər möhtəşəm və yüksək səviyyədədir ki, onu başqa hansısa ölkələrə münasibətləri ilə qarışdırmaq olmaz. Azərbaycan və Türkiyənin qarşısında bir çox sahələr üzrə prespektiv əlaqələr məsələsi hələ qarşıda dayanır.

İki ölkənin hərbi modelinin bir-birinə daha da inteqrasiya edilməsi yolunda addımlar atılacaq. Eyni zamanda müdafiə sənayesi məhsulları və digər sahələrdə də qarşılıqlı konsolidasiya şəraitində əlaqələrin daha da dərinləşdirilməsi bu gün əsas müzakirə mövzularından biridir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı