Ağdamda yerquruluşu və torpaq kadastrı işləri davam etdirilir

Ağdamın işğaldan azad olunmuş hissəsində 22 min hektardan çox ərazidə çöl geobotaniki tədqiqat işləri həyata keçirilib, 22 523 hektar ərazinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri hazırlanıb.

Metbuat.az quruma istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsində torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin elektron kadastr uçotu, eləcə də torpaqların bonitirovkası, iqtisadi qiymətləndirilməsi və s. kimi torpaq kadastrı və yerquruluşu işləri davam etdirilir.

Bu işlərin həyata keçirilməsi bölgənin malik olduğu torpaq ehtiyatlarının həcminin, məqsədli təyinatına və hüquqi rejiminə uyğun tərkibinin müəyyən edilməsinə imkan verəcək.

Bu ilin may ayından etibarən Ağdamın işğaldan azad olunmuş hissəsində kadastr və yerquruluşu işləri aparılır. Bu işlər çərçivəsində 22 min hektardan çox ərazidə çöl geobotaniki tədqiqat işləri həyata keçirilib. Müasir çöl ölçmə aparatlarından istifadə edərək 22 523 hektar ərazinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri hazırlanıb.

İşğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Füzuli və Ağdam rayonlarında ümumilikdə, 536 810 ha ərazidə çöl ölçmə işləri icra olunub.

Dağıdılmış yaşayış məntəqələri, kənd təsərrüfatı təyinatlı torpaqlar, meşələr və digər təyinatlı torpaqların, o cümlədən onların hüdudları daxilində yerləşən bütün komponentlərin koordinatları çöl ölçmə işləri zamanı Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən müasir cihazlarla təyin olunur. Ərazidə GPS vasitəsilə çöl ölçmə işlərini aparmaq üçün fasiləsiz fəaliyyət göstərən AzPOS stansiyalarına istinad edilir, mövcud olan bütün növ daşınmaz əmlak qeydiyyata alınır.

Bugünədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Ağdam və Füzuli rayonları üzrə ümumilikdə, 346 855 ha ərazidə çöl torpaq tədqiqatı, 386 873 ha ərazidə çöl geobotaniki tədqiqatlar aparılıb, torpaq və bitki nümunələri götürülərək aqrokimyəvi analizlərin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyalarına verilib.

Kadastr işləri çərçivəsində həyata keçirilən çöl torpaq tədqiqatı ilə şorlaşma və şorakətləşmə, eroziya və digər təsirlər nəticəsində münbitliyi məhv olmuş torpaqlar təyin edilərək uçotu aparılır. Gələcəkdə münbit qatı məhv edilmiş torpaqların bərpa edilərək yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılması məqsədilə rekultivasiya işlərinin aparılması nəzərdə tutulur.

İşğaldan azad olunmuş ərazilərdə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı aparılan elektron kadastr uçotu daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılmasına, torpaqlardan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına, torpaq ehtiyatlarının daha təkmil formada idarəedilməsinə imkan verəcək.

Torpaq və geobotaniki tədqiqatların nəticələri torpaqların vahid elektron kadastrı uçotu informasiya sisteminə daxil edilir. Tədqiqat işləri tam başa çatdıqdan sonra əldə edilən məlumatlar işğaldan əvvəlki tədqiqat məlumatları ilə müqayisə olunacaq. Bununla Azərbaycanın torpaq fonduna dəymiş ziyan haqqında dəqiq məlumat əldə ediləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı