Bakı, 3 iyun, AZƏRTAC
“Bizim sahibkarlıq fəaliyyətimiz” – “Enactus Azərbaycan X Milli Yarış 2015”in açılış mərasimi olub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
“Enactus” proqramının mahiyyəti haqqında videoçarx nümayiş etdirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, nazirliyin tələbələrə dəstək sektorunun müdiri Sülhəddin Gözəlov, AGBank ASC-nin nümayəndəsi İlqar Musabalıyev və digər qurumların nümayəndələri çıxış ediblər.
Natiqlər “Enactus Azərbaycan”ın fəaliyyəti, gənclərin biznes və sahibkarlıq sahəsindəki inkişafı, proqramın insanların həyat səviyyəsinin yaxşılaşdırılması, əlavə gəlir əldə etməsi və gənclərin fəallığının artırılması baxımından əhəmiyyəti barədə fikirlərini bildiriblər.
Qeyd olunub ki, mayın 31-də “Monolit Plaza”da yarışın yarımfinal və final mərhələləri keçirilib. Yarışda Azərbaycanın doqquz komandası - Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti və Sumqayıt Dövlət Universitetinin təmsilçiləri iştirak ediblər.
Hər liqadan seçilmiş iki komanda finalda iştirak etmək hüququ qazanıb. Birinci liqa üzrə Azərbaycan Dövlət Aqrar Universiteti və Sumqayıt Dövlət Universiteti, ikinci liqa üzrə isə Naxçıvan Universiteti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti qarşılaşıb. Yarışın qalibi olan Azərbaycan Dövlət Aqrar Universitetinin komandası Cənubi Afrika Respublikasının Yoxanesburq şəhərində bu il oktyabrın14-dən 16-dək keçiriləcək “Enactus Dünya Kuboku 2015”də ölkəmizi təmsil edəcək.
Yarışda “Ən yaxşı komada ruhu” nominasiyası üzrə Naxçıvan Dövlət Universiteti, “Ən yaxşı sosial layihə” üzrə Naxçıvan Universitetinin “Bələdçi” layihəsi, “Ən yaxşı ekoloji layihə” nominasiyası üzrə Azərbaycan Texnologiya Universitetinin “Edial” layihəsi, “Ən yaxşı biznes layihə” üzrə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dəmir möcüzəsi” layihəsi seçilib.