Prezidentin sərəncamı ilə təltif edilən tibb işçilərinə mükafatlar təqdim olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə iyunun 16-da təltif edilən tibb işçilərinə medal və fəxri adların təqdim edilməsi mərasimi keçirib.

Metbuat.az xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavinləri, qurumun struktur bölmə rəhbərləri, tabeli tibb müəssisələrinin direktorları və təltif edilən tibb işçiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Vüqar Qurbanov bildirib ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun müasirləşdirilməsi daim diqqət mərkəzindədir:

“Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin səhiyyə sahəsində imzaladığı sənədlər, aparılan genişmiqyaslı islahatlar, həm də səhiyyə işçilərinə lazımi şəraitin yaradılmasına və onların rifah halının yaxşılaşdırılmasına yönəldilib. Həyata keçirilən sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə uyğunlaşdırılmasına imkanlar açır”.

İcraçı direktor qeyd edib ki, aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemi sürətlə müasirləşir, vətəndaşlar dövlət tibb müəssisələrinin təqdim etdiyi tibbi xidmətlərdən yüksək səviyyədə yararlanır:

“Bu gün Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi var. İstər COVID-19-la mübarizə tədbirlərində, istərsə də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən həyata keçirilən 44 günlük Vətən müharibəsi zamanı həkimlərimiz də əzmlə mübarizə aparıblar”.

Çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov, Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru Ramin Qasımov, Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlı, Saatlı Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əhədağa Soltanov, Astara Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Etibar Cəlilov, Nərimanov Tibb Mərkəzinin həkim-qastroenteroloqu Arzu Hüseynova vurğulayıb ki, səhiyyə sahəsində aparılan genişmiqyaslı işlər tibb işçilərinin rifah halının yüksəldilməsinə, onların fəaliyyətinin stimullaşdırılmasına yönəlib.

Qeyd edək ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 3 tibb işçisi “Əməkdar həkim”, 8 nəfər “Tərəqqi” medalı, 1 nəfər isə “Əməkdar tibb işçisi” adına layiq görülüb.

Bundan əlavə, fəaliyyətində fərqlənən tibb işçilərinin müəyyən edilməsi və qiymətləndirilməsi üçün TƏBİB tərəfindən Təltifetmə Komissiyası yaradılıb. Həmin Komissiyanın rəyinə əsasən, 88 nəfər tibb işçisi Fəxri Fərmanla təltif edilib.

Təltif edilən tibb işçiləri onlara göstərilən diqqət və qayğı üçün ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı