Təcili yardım vətəndaşın ölümünə səbəb olub - İTTİHAM / VİDEO

Bugünlərdə xəstaxanaya aparılarkən yolda qəzaya düşən təcili tibbi yardım avtomobilində ağır xəsarətlər alan 36 yaşlı Rahibə Nuruşova bir gün sonra həmin xəsarətlərdən həyatını itirib. Mərhum ölümündən bir qədər əvvəl baş verənləri danışıb və yaxınları da videoya çəkiblər.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, həkimlərdən dərdinə dəva tapa bilməyən Rahibə Nuruşova 5 gün əvvəl dünyasını dəyişib.

Məlumata görə, anidən vəziyyəti pisləşən qadını ailə üzvləri təcili yardım çağıraraq xəstəxanaya yola salıblar. Amma vəfat edən qadın videoda bildirir ki, həkimlər təcili yardım maşınına mindirəndən sonra ona qarşı laqeyd münasibət göstəriblər.

Problem bununla da yekunlaşmır. Çünki qadın təcili yardım avtomobilində olan zaman qəza baş verir. Elə o qəza da qadının ölümünə səbəb olur. Qəza isə Saatlı rayonunun, Əhmədbəyli kəndi ərazisində baş verib.

Qəzadan bir gün sonra vəfat edən 36 yaşlı Rahibə Nuruşovanın qayınatası gəlininin ölümündə, nəvəsi 13 yaşlı Aysunun və digər gəlini Əfsanə Nuruşovanın xəsarət almasında günahkar kimi təcili yardım həkimi Cavid Ələkbərovu görür. Zərərçəkmişlər iddia edirlər ki, təcili yardım maşını yaxın məsafəni qoyub, əlavə 25 km yol qət ediblər...

Şirvan xəstəxanası isə qadının vəziyyətinin ağır olduğunu nəzərər alaraq, onu Bakıya göndərib. Bakıda isə bildirilib ki, qadının ölümünə qısa bir vaxt qalıb. Çünki bel fəqərəsi və boyun sümüyü sınıb. Elə həkimlərin dediyi kimi, 2-3 saatlıq bir vaxtdan sonra qadın dünyasını dəyişib.

Qəza baş verən zaman təcili yardım maşınında anasının yanında olan 13 yaşlı Aysun Nuruşova da hadisə barədə danışıb.

Hazırda ailə üzvləri haqlı olaraq bu suala cavab axtarırlar: niyə təcili yardım maşını gəldiyi yol ilə deyil, yaxın məsafəni qoyub daha uzaq yoldan hərəkət edib?

Məsələ ilə bağlı Saatlı rayon xəstəxansına müraciət etdik. Bildrildi ki, hadisə ilə əlaqədar TƏBİB-dən açıqlama alınsın. TƏBİB-dən isə bildirildi ki, iyulun 9-da epileptik tutma səbəbi ilə təcili tibbi yardım stansiyasına çağırış daxil olub. Təhvil alarkən xəstə müayinə olunub və təcili tibbi yardım şöbəsinə təxliyə olunmasına qərar verilib. Xəstə yaxınları briqadanı yönləndirdiyi qrunt örtüklü yol xəstənin mövcud vəziyyətinə görə əlverişli olmadığı üçün təxliyə zaman asfalt örtüklü digər marşrut yolu seçilib: “Təəssüf ki, təxliyə zamanı yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində xəstənin baş-boyun nahiyəsi zədələnib və Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib. Xəstə 9 iyul, 20:45-də xəstəxanaya müştərək travmalarla qəbul olunub, bütün zəruri müayinələrdən keçirilib. Başda sadə səthi travma, boyunun beş fəqərəsinin yerdəyişmiş komperssion sınığı və çoxsaylı döş qəfəsinin sümüklərinin sınığı diaqnozu qoyulub, stasionara müalicəyə cəlb olunub. Buna baxmayaraq, xəstə yaxınları yazılı iltizamnamə əsasında xəstəni tibb müəssisəsindən aparıblar. Xəstə evdə vəfat edib. Hadisədə günahkarın müəyyən olunması üçün hazırda hüquq - mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı