İnstaqramda qızla tanış oldu, şantaj edib pul istədi - TƏFƏRRÜAT

Azərbaycanda 1999-cu il təvəllüdlü Əhməd sosial şəbəkədə tanış olduğu Ləmanı (adlar şərti verilib – red.) şantaj edib.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, Əhməd özgənin əmlakını ələ keçirmək məqsədi ilə İnstaqramda tanış olduğu Ləmanın mobil nömrəsini həmin sosial şəbəkədə hər kəsin görə biləcəyi şəkildə yerləşdirməklə saxta profil hesabı açıb.

Əhməd Ləmanın pul müqabilində fahişəliklə məşğul olması barədə rüsvayedici məlumatlar yayıb. Bundan sonra Ləmannın istifadəsində olan həmin mobil nömrəyə ayrı-ayrı şəxslər tərəfindən zənglər gələndən sonra bu barədə məlumatı olub.

Bundan sonra Ləman Əhmədə mesaj yazaraq sözügedən hesabın onun tərəfindən yaradılmasını təxmin edib. 3 noyabr 2022-ci ildə Ləman ondan hesabın silinməsini xahiş edib.

Əhməd hesabın İnstaqramdan silinməsi müqabilində Ləmandan 1000 manat tələb edib, əks təqdirdə həmin hesabı silməyəcəyini deyib. Ləman bu xarakterli məlumatların yayılmasının onun rüsvay olmasına, ləkələnməsinə səbəb olacağını anlayıb və məcburiyyət qarşısında həmin profil hesabın silinməsi üçün 120 manat verməyə razı olub, səhifənin silinməsinə razılaşıb. Bundan sonra Ləman Əhmədin bank hesabına 120 manat köçürüb.

İstintaq orqanı tərəfindən Əhmədin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, təxminən 2022-ci ilin may ayından sonra İnstaqram sosial şəbəkəsində "alisan.bandos" adı altında qeydiyyatdan keçib: “Bundan sonra həmin sosial şəbəkənin vasitəsi ilə Ləman ilə tanış oldum. Biz yazışmağa başladıq. Bir müddət Ləman ilə yazışdıqdan sonra Vatsapda yazışaraq danışmağa başladıq. Ləman ilə görüntülü danışmaq istəsəm də, mənə üzünü göstərmək istəmədi. Bir neçə dəfə Ləmana görüşməyi təklif etdim. O, isə bu təklifim ilə razılaşdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin iyul ayında Sabirabad rayonundan Bakı şəhərinə gəlib: “Ləmana yazaraq bildirdim ki, Bakı şəhərindəyəm, görüşüb, söhbət etmək istəyirəm. Lakin iki gün Bakı şəhərində olsam da, Ləmandan xəbər çıxmadı. Bu səbəbdən yaşadığım Sabirabad rayona qayıtdım. Bundan sonra bir daha Ləmana yazaraq görüşmək istədiyimi bildirdim. Lakin Ləman müxtəlif bəhanələr gətirərək mənimlə görüşmədi”.

Əhmədin sözlərinə görə, 2022-ci ilin oktyabrın əvvəllərində maddi çətinlikləri olduğuna görə Ləman ona köməklik etmək istədiyini bildirib: “Mən özümə məxsus "Leo Bank" bank kartımın şəklini mobil telefon vasitəsilə ona göndərdim. Ləman həmin gün mənə 100 manat köçürdü. Bundan bir müddət sonra Ləman mənimlə görüşmək istəmədiyi üçün əsəbiləşdim. İnstaqramda "sima-sima " adlanan səhifə açdım. Həmin səhifəyə əxlaqsız qadınların şəkillərini yerləşdirərək Ləmanın nömrəsini qeyd etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 3-də Ləman ondan həmin səhifənin silməsini xahiş edib: “Mən isə bildirdim ki, kartıma 200 manat pul göndər, həmin səhifəni silərəm. Ləman bu təklifim ilə razılaşdıqdan sonra təsadüfən çay evində tanış olduğum şəxsin mənə vermiş olduğu, hazırda seriya nömrəsini xatırlamadığım bank kartının şəklini Ləmana göndərdim. Ləman noyabr ayının axırlarında həmin karta 120 manat göndərdikdən sonra İnstaqram sosial şəbəkəsindəki səhifəni sildim”.

Təqsirləndirilən şəxs deyib ki, Ləmandan 1000 manat deyil, cəmi 200 manat pul tələb edib. O, etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını bildirib.

İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, 2022-ci ilin may ayının axırlarında İnstaqramda təsadüfən "alisan.bandos" profili olan, özünü Əhməd kimi təqdim edən şəxslə tanış olub: “Bundan sonra Əhmədlə mütəmadi olaraq dost kimi yazışmağa başladıq. Söhbət zamanı Əhməd mənimlə dostluq əlaqəsi qurmaq istədiyini bildirdi, istifadəmdə olan mobil nömrəmi istədi. Əhmədin sözlərinə inanaraq mobil nömrəmi ona verdim. Bundan sonra Vatsapda yazışdıq. Əhməd mənə görüşməyi və ya telefonla görüntülü danışmağı təklif etsə də, buna razılıq vermədim”.

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin oktyabrın əvvəllərində Əhməd ona maddi çətinliklərinin olduğunu deyib: “Mən də aramızda olan söhbət zamanı Əhmədə bildirdim ki, kart nömrəsi göndər, ona maddi köməklik etmək məqsədi ilə pul göndərmək istəyirəm. Əhməd mobil telefonuma kart şəkili göndərdi. Bundan sonra həmin karta 100 manat köçürdüm. Bundan sonra da Əhmədlə danışıqlarımız, yazışmalarımız davam etdi. 2022-ci ilin noyabrın əvvəllərində Əhməd mənə yaşadığı Sabirabad rayonundan Bakı şəhərinə gəldiyini, mənimlə görüşməyi, yaxından tanış olmağı təklif etdi. Buna etiraz etdim. Bu səbəbdən də aramızda narazılıqlar yaranmağa başladı. Ona görə də Əhməddən xahiş etdim ki, bundan sonra məni narahat etməsin. Lakin Əhməd mənimlə razılaşmadı. Məni hədələməyə başladı”.

Ləmanın ifadəsinə görə, bundan sonra Əhməd İnstaqramda saxta səhifə açıb, həmin səhifəyə əxlaqsız qadın şəkillərini yerləşdirib, onun mobil nömrəsini qeyd edib: “Bundan sonra mənə çox sayda zənglər gəlməyə başladı. Əhməddən həmin səhifəni bağlamasını tələb etdim. Əhməd bunun müqabilində məndən 200 manat tələb etdi. Lakin Əhmədə 120 manat verə biləcəyimi dedim. Bundan sonra Əhməd mənə kart şəklini göndərdi. Noyabr ayının axırlarında Əhmədin göndərdiyi karta 120 manat köçürdüm. Həmin gün Əhməd barəmdə yaratdığı saxta səhifəni İnstaqram sosial şəbəkəsindən sildi”.

Zərərçəkmiş qeyd edib ki, bundan sonra qorxduğu üçün Xəzər rayon Polis İdarəsinə ərizə ilə müraciət edib: “Ərizəmdə Əhmədin hədə-qorxu ilə məndən 1000 manat tələb etdiyi qeyd etdim. Lakin Əhməd məndən cəmi 200 manat tələb edib. Polis idarəsinə ərizə ilə müraciət etdiyim zaman düşündüm ki, məbləği çox yazsam, müraciətimə daha ciddi baxılar”.

Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Əhməd 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı