Milli mətbuatımızın 148 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Mətbuat Şurası, çap və onlayn media orqanlarının nümayəndələri iyulun 20-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Metbuat.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və redaktoru, Azərbaycan milli məfkurəsinin əsaslarını yaradanlardan biri olan Həsən bəy Zərdabinin məzarı önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin xatirəsi ehtiramla yad edilib.