Qax rayonunun İlisu kənd sakini, 1992-ci il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun iyulun 23-də təxminən saat 20 radələrində dağlıq-meşəlik ərazidə naməlum istiqamətdə gedərək itkin düşməsi barədə yaxınları tərəfindən polisə müraciət edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, rayon polis şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları axtarışlara cəlb olunub. Onun tapılması istiqamətində tədbirlər keçirilir.
***
Qaxda yüksək və çətin relyefli dağlıq-meşəlik ərazidə itkin düşən şəxsin kimliyi məlum olub.
İtkin düşən şəxs 1993-cü il təvəllüdlü Qax rayonu İlisu kənd sakini Rəhman Sədrəddin oğlu Kamallıdır. Əldə edilən məlumata əsasən, Rəhman Kamallı iyulun 23-ü rayonun Sarıbaş kənd sakini Ramazan adlı çoban tərəfindən Sarıbaş kəndi yaxınlığındakı “Alagöz” yaylağına fermada işləmək üçün aparılıb. Rəhman Kamallının elə "Alagöz" yaylağı yaxınlığında itkin düşdüyü ehtimal edilir.
***
15:08
Qaxda meşədə bir nəfər itkin düşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə naməlum şəraitdə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.