Həkimlər və aparıcıların adından istifadə edərək dələduzluq edən şəxs saxlanıldı

Sosial şəbəkələrdə səhifələri olan həkimlər və televiziya aparıcılarının adından istifadə edərək onların dostluğunda olan şəxslərə qarşı dələduzluq edilməsi faktı üzrə son günlərdə mediada yayılan məlumatlar Daxili İşlər Nazirliyində nəzarətə götürülərək araşdırmalara başlanılıb.

Metbuat.az xəbər verir ki, nazirliyə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində onlayn yolla dələduzluq edən həmin şəxs - Lənkəran şəhər sakini Kəlbihüseyn Abuşovun qısa zamanda saxlanılması təmin olunub. Həmin şəxs ifadəsində sosial şəbəkələrdə həkimlərin və aparıcıların adından istifadə etdiyini və onların tanışlarının etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib. Araşdırmalar zamanı saxlanılan şəxsin, həmçinin televiziyaların birində efirə gedən verilişdə qonaq kimi iştirak etmək istəyən həkimləri, guya onların həmin kanalda çıxışını təşkil edəcəyi adı altında aldaraq pul vəsaitlərini ələ keçirdiyi də müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də dələduzluq etdiyindən barəsində Cinayət işi mövcuddur və hazırda iş məhkəmə baxışındadır. K.Abuşovun etdiyi sonuncu hüquqazidd əməllər barəsində toplanmış material da baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Abuşov həbs edilib. Araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı