AZAL-ın vəd etdiyi kimi qiymətlər sabit qalacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 2023-cü ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək. AZAL bu barədə məlumat yayaraq bildirib ki, birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanı yaradacaq.

AZAL-ın "cib yandıran" biletləri ilə müqayisədə “Buta Airways” biletləri nisbətən ucuz idi. Şirkət açıqlamasında qeyd edir ki, “Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq.

Metbuat.az-a danışan ekspert Natiq Cəfərli qeyd edir ki, bu qərarın hansı səbəbdən verilməsi açıqlanmasa da, vəziyyət o qədər də ürəkaçan deyil:

"Buta" AZAL-ın törəmə şirkəti olduğu üçün real olaraq AZAL tərəfindən idarə olunurdu. E ciddi bir dəyişikliyin olduğunu düşünmürəm. Lakin AZAL-ın bu qərarının səbəblərini də bilmirəm. Çünki səbəbləri ilə bağlı rəsmi məlumat yetərincə kasaddır. Niyə bu qərarın alındığını dövlət qurumları, rəsmilər, AZAL rəhbərliyi özləri izah etməlidirlər. Amma kənardan vəziyyət çox pis görünür. Azərbaycanın yeganə formal olaraq şirkəti var idi. Bu da guya ucuz biletlərlə, ucuz qiymətlərlə insanlara xidmət göstərəcəkdi. Onun belə ləğv olunması nəticə etibarilə ona gətirib çıxaracaq ki, AZAL brendi altında eyni uçuşlar daha baha qiymətə satılacaq".


Onun sözlərinə görə, AZAL-ın qərarı ilə bağlı açıqlamasında "Buta"da olmayan xidmətlərin bundan sonra göstəriləcəyi qeyd edilir. Bu da bilet qiymətlərinin artması deməkdir:

"AZAL-ın elə indiki açıqlamasından xidmətin daha keyfiyyətli olacağı, uçuş zamanı isti yeməklər veriləcəyi, daha çox baqaj qəbul edəcəyi qeyd edilir. Bunların heç biri "Buta" da yox idi qiymətdə öz əksini tapırdı. Yeri gəlmişkən, "Buta"nın qiymətləri heç ucuz deyildi, amma eyni istiqamətlərdə "Buta" daha ucuz uçurdu. İndi faktiki olaraq bu birləşəndən sonra istiqamətlər üzrə qiymətlərin artması ehtimalı çoxalır çox güman ki, biz oktyabr ayından daha baha qiymətlər görə bilərik. Bu da ölkə üçün heç yaxşı bir şey deyil. Əksinə, biz illərdir çağırış edirdik ki, ölkədə daha çox lou-kost şirkətlər olsun, daha çox bazara açılsın, hava məkanı açılsın".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı