​"İstərdim ki, işi yüngül olsun, Rəşad çox yaxşı insandır" - Ağamirzə

“İstərdim ki, işi yüngül olsun. Çünki Rəşad çox yaxşı insandır”.

Metbuat.az xəbər verir ki, bu sözləri "Ölkə.az"a açıqlamasında meyxanaçı Ağamirzə həmkarı Rəşad Dağlının 9 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə qərarına münasibət bildirərkən deyib. O, məhkəmədən yenicə xəbər tutduğunu söyləyib:

“Vallah, nə deyim? Damağımdan yüngül əməliyyat olunmuşam, məhkəməyə getməmişdim. Yuxudan indi durmuşam. Heç xəbərim yox idi. Allah köməyi olsun. İstərdim ki, işi yüngül olsun. Çünki Rəşad çox yaxşı insandır, ağıllı, tərbiyəli biridir. Həmişə onu səbirli, təmkinli görmüşük. Bir hadisədir olub. Mən ölən tərəflə də maraqlanmışam, onlar da pis adam deyillər. Nəsə şeytan olub ortalıqda, şeytan azdırıb. Körpə balaları var. Vallah, mənim də ürəyim ağrıyır”.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ona hökm oxunub. Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR