Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabr ayının 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Ağdaş rayon sakini 1986-cı il təvəllüdlü Fərdi Rövşən oğlu Ramazanov gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.
Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü 1993-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov müəyyən edilərək saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Həsənağa Elçin oğlu Məmmədov tanınmış aktyordur və Həsən Ağa adı ilə tanınır.