Dili inkişaf etdirmək üçün şüar səsləndirmək azdır - Rafiq İsmayılov

Bu gün Azərbaycan Dili və Əlifbası Günüdür. Dil hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətidir.

Bəs bu gün ölkədə Azərbaycan dilinin vəziyyəti nə yerdədir? Suala cavab tapmaq üçün Metbuat.az “Altun-kitab” nəşriyyatının direktoru, dilçi alim Rafiq İsmayılovla söhbətləşib. Dilçi alim bildirib ki, bu gün dilimizin inkişafı üçün yetəri qədər çalışmırıq, bu məsələ sadəcə xüsusi gündə yada salınır:

"Çox təəssüf ki, dilimizin qorunması və inkişafı ilə bağlı məsələləri ildə bir dəfə - Azərbaycan Dili və Əlifbası Günündə xatırlayır və gündəmə gətiririk. Belə bir gündə adam problemlərdən danışmaq istəmir. Ancaq məcburuq, çünki bu məsələdə şüarçılıqla kifayətlənmək düzgün olmazdı. Dildən danışarkən onun üç aspektinə toxunmaq lazım gəlir: sosial, təhsil və elmi aspektlər. Bunlar bir-biri ilə sıx bağlıdır.

Sosial aspektdən başlayaq. Bu gün cəmiyyətdə Azərbaycan dilindən istifadə hansı səviyyədədir? Ölkədə müəyyən bir təbəqə var ki, ünsiyyətdə daha çox rus dilinə üstünlük verir. Paytaxtımızın mərkəzi küçələrini gəzsək, daha çox türk, ingilis dillərində reklam lövhələrinə rast gələrik. İstənilən kitab satıcısı sizə deyər ki, oxucuların əksəriyyəti rus, türk, ingilis dillərində olan kitabları sifariş verir. Bunun səbəblərinə varmaq istəmirəm, amma bir şeyə əminəm ki, vəziyyəti dəyişmək üçün müəyyən inzibati və stimullaşdırıcı tədbirlər planı hazırlanmalıdır".

Rafiq İsmayılov bildirir ki, hazırda Azərbaycan dilində tədris vəsaitləri olduqca azdır. Bu da təhsil səviyyəsini aşağı salır:

"Təhsilə gəldikdə, Azərbaycan dilinin yeganə dövlət dili olduğu bir ölkədə şagirdlərin 8-9 faizinin rus və başqa dillərdə təhsil alması və bu faizin getdikcə artması təhlükəli haldır. Bunun bir neçə səbəbi ola bilər:

1) Azərbaycan dilində tədris və informasiya resurslarının azlığı (bu isə öz növbəsində doğma dildə təhsilin səviyyəsinin aşağı düşməsinə səbəb olur); 2) Əmək bazarında rusdilli və ingilisdilli işçilərə tələbatın yüksək olması.

Zənnimcə, təlimi qeyri-dövlət dilində olan məktəblər üçün təhsil proqramında dəyişiklik etmək, Azərbaycan dilinin tədrisi səviyyəsini qaldırmaq lazımdır".

Direktor həmçinin hələ də Azərbaycan dilində lüğət korpusunun zəif olmasından narazıdır. Onun fikrincə, dilimizin inkişafı üçün tədbirlər planı hazırlanmalıdır:

"10 il əvvəl Azərbaycan Prezidentinin sərəncamı ilə çox vacib bir proqram təsdiq olundu: “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin ikişafına dair Dövlət Proqramı". Çox təəsüf ki, bu Proqramda qeyd olunan bir çox məsələlər öz praktiki həllini tapmadı. İndiyə qədər Azərbaycan dilinin lüğət korpusu yaradılmayıb. İzahlı lüğətimiz 50-60 il əvvəl tərtib olunuş lüğətdir, halbuki hər il dilin lüğət tərkibinə yüzlərlə söz daxil olur. Müasir leksikoqrafik tələblərə cavab verən terminoloji lüğətlərimiz yox dərəcəsindədir. Orfoqrafiya lüğətinin hər bir yeni nəşri ziyalılar tərəfindən etirazlarla qarşılanır.

Nədənsə həmişə bu problemlərdən söhbət düşəndə dilin saflığını qorumaqdan danışırıq. Nə deməkdir dilin saflığını qorumaq? Alınma sözlərdən imtina etmək? Xeyr. Bu gün ən çox alınma sözlər rus, ingilis, fransız dillərindədir. Ən zəngin lüğət tərkibinə malik dillər də bu dillərdir. Dil okean kimidir, o özü öz saflığını qorumağı bacarır. Dili qorumaq və inkişaf etdirmək üçün şüarlar, aforizmlər demək azdır. Bu dildə yazıb-yaratmaq, yüksək keyfiyyətli elmi, ədəbi əsərlər ortaya qoymaq lazımdır. Bunun üçün isə dövlət və cəmiyyət tərəfindən dəqiq düşünülmüş tədbirlər planı hazırlanmalıdır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı