Azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər keçiriləcək

Azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, avqustun 7-11-də işğaldan azad olunmuş Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Laçın və Kəlbəcər rayonlarının ərazisindəki heyvandarlıq təsərrüfatlarında epizootoloji monitorinqlərin keçirilməsi planlaşdırılıb. Monitorinqlər zamanı heyvanlardan götürüləcək diaqnostik nümunələrin müayinələri “Azərbaycan Respublikasının 2023-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”nda nəzərdə tutulan xəstəliklər üzrə aparılacaq.

Eyni zamanda avqustun 14-18-də Bakı və Mingəçevir şəhərlərindəki, eləcə də Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Kürdəmir, Bərdə, Şəmkir, Hacıqabul, Salyan, Neftçala, Astara və Xaçmaz rayonlarındakı balıqçılıq, avqustun 21-25-də isə Qusar, İsmayıllı, Daşkəsən, Qax, Şəki, Lerik, Astara, Laçın və Kəlbəcər rayonlarındakı arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlərin keçirilməsi və laborator nümunələrin götürülməsi nəzərdə tutulub. Bu monitorinqlər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilən, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların və arıların infeksion və invazion xəstəliklərinə qarşı aparılacaq.

Monitorinqlərdə AQTA-nın və Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və tabeliyində olan idarələrin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssislərinin iştirakı planlaşdırılıb.

Monitorinqlər çərçivəsində əldə olunacaq epizootoloji və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Eyni zamanda götürülmüş nümunələr müvafiq müayinələrin aparılması məqsədilə AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR