Qərbi Azərbaycan İcmasında Nüvədi kənd sakinlərinin görüşü keçirilib

Qərbi Azərbaycan İcmasında Qərbi Zəngəzur mahalı, Nüvədi kənd sakinləri ilə “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş görüş keçirilib.

Metbuat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İcmanın aparat rəhbəri Qalib Qasımov nüvədililəri salamlayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb.

QAİ-nin Müşahidə Şurasının üzvü, Meğri rayon icmasının sədri Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın akademiki Fikrət Əliyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, onun nüvədililərə olan diqqət və qayğısından bəhs edib.

Bildirilib ki, nüvədililərin 1987-1991-ci illərdə göstərdikləri müqaviməti Ulu Öndər Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır. Onlar hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə, Nüvədidən çıxmırdılar. Onları sonra zorla ordan çıxardılar, gətirdilər Zəngilanın Vejnəli kəndinin yanına, onlar orda çadırlarda yaşayırdılar. Onlar çıxmırdılar, mübarizə aparırdılar. Onları ordan çıxarda da bilmirdilər”.

Fikrət Əliyev Ümummill liderin daim nüvədililərə qayğı göstərməsindən bəhs edib.

BDU-nun kafedra müdiri İsmayıl Əliyev, YAP təftiş komissiyasının üzvü Musa Musayev Ümummilli lider barədə xatirələri bölüşərək onun Zəngəzur haqda səsləndirdiyi fikirlərdən, bir gün Qərbi Azərbaycanlıların mütləq öz ata – baba yurdlarına qayıdacaqlarına olan inamından bəhs ediblər.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Qayıdış Konsepsiyasından danışaraq Azərbaycan Prezidenti İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı İcmanın bir qrup ziyalısı ilə görüşündə dövlət başçısının Qərbi Azərbaycanın tarixi torpaqlarımız olması, soydaşlarımızın geri qayıdış hüququ barədə səsləndirdiyi fikirlərə toxunub.

BDU-nun kafedra müdiri, tarixçi, professor Qoşqar Əliyev Nüvədinin deportasiya tarixi mövzusunda olan çıxışında qeyd edib ki, qədim yaşayış məskənlərimizdən biri olan Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Nüvədi kəndi, işğala qədər ərazisi 270 kv.km-i əhatə etməklə, 18 min hektar torpağa malik, müasir şəhər tipli inzibati ərazi idi. Qoşqar Əliyev bildirib ki, Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamı, o cümlədən Baba Hacı müqəddəs Ziyarətgahı və digər tarixi-dini-mədəniyyət abidələri regionda bu gün də insanlar tərəfindən xatırlanır. Lakin bu gün həmin qəbiristanlıqlar, ziyarətgahlar erməni vandalizminin qurbanı olaraq, məhv edilib. O qeyd edib ki, Nüvədi kəndi Qərbi Azərbaycanda 7 avqust 1991-ci ildə sonuncu tərk edilən Azərbaycanlı yaşayış məskənidir. Kənddən Azərbaycanlıların çıxarılması ilə Ermənistan soydaşlarımızın deportasiyasını tamamlayıb və mono-etnik dövlətə çevrilib.

Nüvədi kənd ağsaqqalı, təqaüdçü Balakişi Həsənov, Nüvədi kənd müəllimi, təqaüdçü Fərman Qasımov, Nüvədi kəndinin sakini, Azərbaycan nəşriyyatında tədqiqatçı jurnalist Ruslan Babayev, Nüvədi kənd sakini, təqaüdçü Abbas Hətəmxanov, Sumqayıt qaz istismar sahəsində texniki şöbənin rəisi şəhid atası, Məhərrəm İbadov, bəstəkar Sevinc Tofiqqızı, Mərkəzi elmi kitabxananın elmi katibi Şəbnəm Rüstəmova, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov çıxış edərək ümummilli liderin nüvədililərə qayğısı, eləcə də Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qarabağ zəfəri və onun Qərbi Azərbaycanlılara dəstəyindən bəhs ediblər.

Sonda qeyd edilib ki, nüvədililərin hər biri bu gün Nüvədiyə, öz evlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Və inanırlar ki, bu gün onlara mütləq qismət olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı