Artıq 4 ildır ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə - ümumilikdə 6 yerdə IDEA İctimai Birliyi tərəfindən yaradılan ictimai çimərliklər fəaliyyət göstərir.
Metbuat.az xəbər verir ki, bu barədə IDEA İctimai Birliyi və Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı birgə məlumatda deyilir.
Bildirilib ki, bu çimərliklər paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb, burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb:
"Hər il olduğu kimi, bu il də çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar hazır vəziyyətə salınıb, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılıb. Vətəndaşlarımızın rahatlığı üçün burada avtomobil dayanacağı yaradılıb, çimərliklərdə təmizliyin qorunması, tullantıların vaxtında daşınması məqsədilə bütün əlavə tədbirlər görülür".
Qeyd edilib ki, yaradılan şəraitə və bütün xidmətlərin ödənişsiz olmasına baxmayaraq, bəzi vətəndaşlar təmizliyə riayət etmir, ictimai çimərlik ərazisində spirtli içki qəbul edərək sərxoş halda dənizə girir, inventarları sındırır, duş kabinalarında kranları sıradan çıxarır, çimərlikdə kifayət qədər konteynerlərin olmasına baxmayaraq, ərazini zibilləyir, digər vətəndaşların istirahətinə mane törədirlər:
"Bununla əlaqədar çimərliklərdəki personal, həmçinin, burada xidmətdə olan polis əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər aparır, ciddi pozuntulara yol verənlərə xəbərdarlıq olunur və onlara qarşı inzibati cəzalar tətbiq edilir".