İtaliyada Ulu Öndərə həsr olunmuş konsert təşkil edilib

İtaliyanın San-Remo şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “O Patro Mia” adlı konsert keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, İtaliyada yaşayan azərbaycanlı bəstəkar Kəmalə Əlizadə və onun həyat yoldaşı, bəstəkar-musiqiçi Stefano Muskaritolonun təşkilatçılığı ilə San-Remo Teatrında baş tutan tədbirdə Korbetta şəhər meri, yerli ictimaiyyətin tanınmış simaları və KİV nümayəndələri iştirak ediblər.

Konsertdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Leyla Həmzəyeva çıxış edib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, cari ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu, Vətənimizdə və dünyanın müxtəlif ölkələrində dahi şəxsiyyətə həsr olunmuş tədbirlərin keçirildiyi diqqətə çatdırılıb. Bu əlamətdar missiyada Komitənin xaricdə yaşayan diaspor fəallarının layihələrini, o cümlədən bəstəkar Kəmalə Əlizadənin “Heydər Əliyev İli” çərçivəsindəki ilk layihəsini dəstəklədiyi vurğulanıb. Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyanın, o cümlədən İtaliyanın musiqi inciləri ilə birlikdə təbliğinin müxtəlif xalqları bir araya gətirdiyi, sülhə, dostluğa, mədəni müxtəlifliyə xidmət etdiyi bildirilib.

Eyni zamanda, Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Konsertin təşkil olunmasına görə İtaliyadakı Azərbaycan diasporuna minnətdarlıq ifadə edilib. Soydaşlarımızın dost İtaliyanın ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrinə misilsiz töhfələr verməsi yüksək qiymətləndirilib.

Sonra konsertdə Kəmalə Əlizadə (fortepiano), Stefano Muskaritolo (gitara), Tatyana Anisimova (soprano) və Eduard Lyaşuk (bas) çıxış edərək, Almaniya, Azərbaycan və İtaliyanın məşhur bəstəkarlarının əsərlərini, eləcə də müəllif bəstələrini, “Ay Laçın”, “Gözəlim sənsən”, “Şuşa üzərində uçmaq” mahnılarını təqdim ediblər. Sənətçiləri maestro Massimo Dal Pranın dirijorluğu ilə Bordiqera şəhər Simfonik Orkestri müşayiət edib.

Konsertdən sonra Korbetta şəhər meri “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşdirilmiş klassik musiqi gecəsini yüksək qiymətləndirib.

Qeyd edək ki, konsertdən əvvəl beynəlxalq müsabiqələr laureatı, simfonik və kamera əsərlərinin müəllifi Kəmalə Əlizadə həyat yoldaşı ilə birlikdə brifinq keçirib. Layihə barədə ətraflı məlumat verən musiqiçilər jurnalistlərin suallarını cavablandırıblar.

Bakı Musiqi Akademiyasında Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun sinfini bitirmiş Kəmalə xanım təhsilini İtaliyada (İstituto Superiore di Studi Musicali) davam etdirib. Onun əsərləri İtaliya, Niderland, ABŞ, Yaponiya, Çin, Yeni Zelandiya kimi ölkələrdə səslənib. Bəstəkar həyat yoldaşı Stefano Muskaritolo ilə birlikdə xaricdə Azərbaycanla bağlı layihələr həyata keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı