Xəbər verdiyimiz kimi, dünən gecə Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil yük maşınına çırpılıb.
Metbuat.az “Olke.az”a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri sağ əlin kəsilmiş yarası diaqnozu ilə tibb müəssisələrinə təxliyə olunublar. Qəza nəticəsində 1 həkimə qədər ölüm qeydə alınıb.
Hadisədən sonra sosial medianın diqqəti isə qəzanın səbəblərinə yönəlib. Bəziləri sürücünü günahlandırıb, bəziləri isə qəzanı yol infrastrukturunun hazırkı vəziyyəti ilə əlaqələndirib.
Nəqliyyat sahəsi üzrə ekspert, “İnsan yönümlü şəhərlər” səhifəsinin rəhbəri Anar Əliyevin fikrincə, bu prospekt avtomobil idarə edənləri sürəti artırmağa sövq edir:
“Bakı şəhərində küçə və prospektlərin dizaynına yenidən baxılmalıdır. Şəhər daxilində səni yüksək sürətlə sürməyə sövq edən küçələr olmamalıdır. Heydər Əliyev prospekti hər tərəfdən yaşayış zonaları ilə əhatə olunub, amma yol özü magistral kimi təşkil edilib”.
Nəqliyyat sahəsi üzrə bir digər ekspert Eldəniz Cəfərli isə bu yolda sürət həddinin yüksək olmasını normal hesab edir:
“Heydər Əliyev prospektinin kiçik bir hissəsi şəhəriçi yol sayıla bilər. Böyük bir hissəsi isə şəhər kənarındadır və magistral yoldur. Magistral yol da sürətli ola bilir. Vaxtilə prospektin şəhəriçi hissəsində sürət həddi 90 km/saat olsa da, daha sonra 70 km/saata endirildi. Şəhərkənarı magistral hissəsində isə sürət həddi 110-dan 90-a endirildi”.
Ekspertin sözlərinə görə, Bakının əsas yollarından biri olan Heydər Əliyev prospektində də işıqlandırma olduqca zəifdir:
“Bu da qəzaların səbəblərindən biridir. Lakin qəzaların çoxu, əsasən, yol hərəkəti iştirakçılarının bilərəkdən yol hərəkəti qaydalarını pozması nəticəsində baş verir. İkinci səbəb kimi isə yol infrastrukturunun vəziyyətini göstərmək olar. Üçüncü səbəb isə avtomobillərin nasaz olması ilə bağlıdır”.