​BMT erməniləri yola verdi: Ermənistan və havadarları iflasa məhkumdur - TƏHLİL

“BMT Təhlükəsizlik Şurasında Ermənistanın tələbi ilə Azərbaycana qarşı keçirilən dinləmələr təşkilatın öz nizamnaməsi və prinsiplərinə uyğun olmayan addımlar atdığını bir daha sübut etdi”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Beynəlxalq aləmdə Azərbaycanın kifayət qədər dostları olduğunu xatırladan politoloq vurğuladı ki, elə iclas əsnasında da birmənalı şəkildə ölkəmizə dəstək verən dövlətlər Azərbaycanın tək olmadığını nümayiş etdirdilər:

"Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev çıxış edərək bildirdi ki, Qarabağda mövcud vəziyyətin müzakirə edilməsini tələb edən tək Ermənistan deyil, həm də onun havadarlarıdır. Qeyd olunan məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması nəticə etibarilə fiaskoya uğrayıb.

Azərbaycan sübut etdi ki, Qarabağ onun ərazisidir və biz sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasını tələb edirik. Biz bölgədə problemlərin bitməsini, regionda sülh və sabitliyin bərpa olunmasını arzulayırıq. Amma bizim də sərhədlərimizin tanınması prinsipləri təmin edilməlidir. Əgər bu məsələ yenidən BMT səviyyəsinə qaldırılıb müzakirə olunarsa Azərbaycana dəstək veriləcəyi şübhəsizdir. Sadəcə olaraq bu zaman işidir. Azərbaycan diplomatiyası daha çox aktivliyini qoruyub saxlamalıdır".

Politoloq Elxan Şahinoğlu isə düşünür ki, BMT Təhlükəsizlik Şurasının eyni mövzuya qayıtması mümkündür:

“Emənistan “Qarabağın ağır sosial durumu” və “Laçın yolu” mövzularının yenidən BMT-də müzakirəsini təşkil etməyə çalışacaq. Azərbaycan diplomatiyası həmin günə qədər fəal iş aparmalı və bunun qarşısını almağa çalışmalıdır. Misal üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Albaniyanın təmsilçisi Azərbaycanın haqlı mövqeyini dəstəkləyərkən, digər qeyri daimi üzv – Birləşmiş Ərəb Əmirlikləri “balanslı” çıxışa üstünlük verdi. Halbuki, müzakirələrdən bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ərəb həmkarıyla telefonla danışmışdı. Qərb ölkələrində səfirliklərimizi gücləndirməyə, çalışdıqları ölkənin siyasi və ictimai dairələriylə və mediası ilə sıx kommunikasiya yarada bilən səfirlərə ehtiyacımız var”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı